REGİONLAR
QƏBƏLƏNİN NİC KƏNDİNDƏ VƏZİYYƏT NORMALDIR
Xəbər verdiyimiz kimi, Qəbələ rayonunun Nic kəndindəki fərdi təsərrüfatlarda saxlanılan donuzlarda “Afrika taunu” xəstəliyi aşkar edildiyindən ərazidə karantin elan olunmuşdur.
Qəbələ Rayon Baytarlıq İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Nic kəndinin sakinləri son 4 gün ərzində donuzların xəstəliyi ilə bağlı müraciət etməmişlər. Ərazidə epizootik vəziyyət normaldır. Dövlət Baytarlıq Xidmətinin gücləndirilmiş iş rejimində fəaliyyət göstərən epizodik qrupu həyətyanı sahələri nəzarətdə saxlayır. Mütəxəssislər kənd sakinləri ilə görüşür, onların fərdi təsərrüfatlarındakı vəziyyətlə yerindəcə tanış olurlar. Hazırda kənddə ümumilikdə 4500-dən artıq donuz bəslənilir.
Hazırda kəndin əlavə giriş-çıxış yolları bağlıdır və əsas yolda buraxılış-keçid məntəqəsi fəaliyyət göstərir. Kənddən donuz ətinin çıxarılmasına və istifadəsinə qoyulmuş qadağa qüvvəsində qalır.
Xatırladaq ki, yanvarın 30-dək Nic kəndindəki fərdi təsərrüfatlarda saxlanılan 48 baş donuz “Afrika taunu” xəstəliyinə tutularaq tələf olmuşdu.