SİYASƏT


QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN SOSİAL-MƏİŞƏT ŞƏRAİTİNİ YAXŞILAŞDIRMAQ AZƏRBAYCAN HÖKUMƏTİNİN DİQQƏT MƏRKƏZİNDƏDİR

Martın 28-də Nazirlər Kabinetində müşavirə keçirilmişdir. Tikinti-quraşdırma işləri ilə məşğul olan səhmdar cəmiyyət, trest, şirkət, firma və kiçik müəssisə nümayəndələrinin iştirak etdiyi müşavirə Azərbaycan Prezidentinin “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” 22 avqust 2001-ci il, “Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Ağdam və Füzuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında” 7 sentyabr 2001-ci il, “Biləsuvar rayonu ərazisində yerləşən beş çadır düşərgəsində məskunlaşmış məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında ” 13 may 2002-ci il tarixili fərmanlarının icrası vəziyyətinin müzakirəsinə həsr olunmuşdur. 

Müşavirəni giriş sözü ilə açan baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov məlumat vermişdir ki, havaların pisləşməsi, bölgələrdə güclü qar yağması xüsusilə Biləsuvar və Bərdə rayonlarındakı çadır şəhərciklərində vəziyyəti gərginləşdirmişdir. Bu şəhərcikləri su basmışdır. O, bir daha diqqəti tikinti işlərinin sürətləndirilməsinə yönəltmiş, qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitini yaxşılaşdırmağın bundan asılı olduğunu vurğulamışdır.

“Azəraqrartikinti”, “Azərkəndtikinti”, “Azərsutikinti”, “Sabirabadsutəchizattikinti” səhmdar cəmiyyətlərinin, “Sosial İnşaat” şirkətinin, “Şəms-95” firmasının, “Alıbəyli” kiçik müəssisəsinin, “Rəşad-İnşaat”, “Azəri-Servis Ltd” şirkətlərinin və digər qurumların nümayəndələri öhdələrinə düşən işləri demək olar yekunlaşdırdıqlarını, lakin hava şəraiti ilə əlaqədar kəm-kəsiri aradan qaldıra bilmədiklərini qeyd etmişlər.

Baş nazirin müavini podratçılar qarşısında hökumətin qəti tələbini qoymuşdur: aprel ayının 22-dək Füzuli rayonunun Haramı ərazisində, Şəmkirdə, Abşeronda salınmaqda olan qəsəbələrdə tikinti-quraşdırma işləri başa çatmalı, bu qəsəbələrin məskunlaşdırılmasına başlanmalıdır. O, sosial obyektlərin, xüsusilə məktəblərin təcili istifadəyə verilməsini tələb etmişdir. Çünki qəsəbələrin yeni sakinlərinin məktəb yaşlı övladlarının təhsildən kənarda qalması köçürülmə işlərində problem yarada bilər.

Əli Həsənov əmin etmişdir ki, Azərbaycan hökuməti tikinti-quraşdırma işləri ilə bağlı qarşıya çıxan problemlərin, o cümlədən maliyyə problemlərinin aradan qaldırılmasında podratçı təşkilatlara həmişə kömək etməyə hazırdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.