MƏDƏNİYYƏT
QƏDİM TARİXİMİZLƏ BAĞLI YENİ KİTABLAR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan tarixinin ən qədim və qaranlıq səhifələrini işıqlandıran daha iki yeni kitab çapdan çıxmışdır. Tarix elmləri namizədi Səfər Aşurovun “Naxçıvanda arxeoloji tədqiqatlar (2001-2002-ci illər)” kitabı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Şərur arxeoloji ekspedisiyası”nın 2001-2002-ci illərdə Naxçıvan MR ərazisində apardığı tədqiqat işlərinin yekunlarına həsr edilmişdir. Kitabın “Gəmiqayanın təsviri daşları”, “Ovçular tələsi”, “Aşağı Daşarx”, “Sədərək qalası”, “Qarabulaq kurqanları” adlı bölmələrində Azərbaycan xalqının qədim tarixindən, onun memarlıq və hərb sənəti barədə bilgilərdən, həmçinin, Şərqin digər qüdrətli dövlətləri ilə əlaqələrindən söhbət açılır.
Tarix elmləri namizədi Nəcəf Museyiblinin “Qədim Sədərək” kitabında isə tarixi abidələrlə zəngin Sədərək bölgəsinin arxeoloji abidələrindən, toponimlərindən və bölgə haqqında yazılı mənbələrdən bəhs edilir. Kitabın “Kərki abidələri” , “Çapacaq kurqanı”, “Kültəpə şəhər yeri”, “Ağoğlan ibadətgahı”, “Qırmızı təpə” və digər bölmələrində Sədərəyin təbii-coğrafi şəraiti, əhalisi, təsərrüfat həyatı barədə dəyərli məlumat verilir.