RƏSMİ XRONİKA
QƏDİM XINALIQ KƏNDİNİN SAKİNLƏRİ İLƏ GÖRÜŞ
Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Quba rayonunun mərkəzindən 60 kilometr uzaqda, Baş Qafqaz və Yan silsilələri arasında, dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən Xınalıq kəndinə gəlişi əsil bayrama çevrildi. Kəndin mərkəzi meydanına toplaşan yüzlərlə sakin dövlətimizin başçısını və xanımını hərarətli, sürəkli alqışlarla, böyük hörmət və ehtiramla, duz-çörəklə qarşıladılar. Azərbaycan Prezidentinin gəlişi şərəfinə qurban kəsildi.
Sakinlər dövlətimizin başçısına minnətdarlıq edib dedilər ki, cənab Prezident, yolun genişləndirilməsi, asfaltlaşdırılması insanlara böyük sevinc bəxş etdi. Yolun çətinliyi üzündən illərlə dağ başında piyaləni xatırladan Xınalığa həsrət qalan insanları yenidən doğma yerlərə qaytaracaqdır. Allah Sizə uzun ömür, cansağlığı versin. Sizin sərəncamınızla çəkilib başa çatdırılan bu yolun təkcə Xınalıq üçün deyil, ətraf ərazilərdəki 12 kəndin əhalisi üçün də mühüm iqtisadi əhəmiyyəti var. Bu füsunkar guşənin təkrarsız təbiəti, gözoxşayan gözəllikləri, meşələri, dağları, təbii ki, lap yaxın zamanlarda burada turizmin inkişafına geniş imkanlar açacaq, özünün ikinci ömrünü yaşayan Xınalıqdan başlanan bu yol neçə-neçə məmləkətin insanlarını bir-birinə qovuşduracaqdır.
Sonra “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin çəkdiyi “Xınalıq və Xınalıq yolu” sənədli filmi nümayiş etdirildi. Filmdə Xınalıq kəndinin tarixi barədə məlumat verilir. İki minə yaxın sakini olan bu kəndin öz dili - Xınalıq dili var.
1960-cı ildə çəkilmiş “Dağlarda ada” adlı film də qədim tarixə malik Xınalıq haqqında, burada yaşayan sənətkarların məşğuliyyəti, yolların vəziyyəti barədə tamaşaçıda aydın təsəvvür yaradır. 1960-cı illərin əvvəllərində Xınalığa yol çəkilməsi planlaşdırılsa da, bu iş baş tutmamışdır.
Xınalıq sakinlərinin bu arzusu yalnız XXI əsrin əvvəllərində reallaşdı. Prezident İlham Əliyevin keçən il Quba rayonuna səfəri Xınalıq kəndinin yüz illərlə davam etmiş yolsuzluq tarixinə son qoydu. Xınalığa gedən yolda, Qudyalçay üzərindən salınmış körpünün üstündə dağ kəndlərinin sakinləri ilə görüşən Prezident İlham Əliyev Xınalığa yol çəkilməsi barədə göstəriş verdi.
Filmin nümayişindən sonra sakinlərlə görüş keçirildi. Görüşü kənd ağsaqqalı Soltanağa Xəlilov açdı.