İDMAN
QADINLARDAN İBARƏT YIĞMA VOLEYBOL KOMANDAMIZ BİR NEÇƏ BEYNƏLXALQ TURNİRƏ DƏVƏT ALMIŞDIR
Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, Polşa, Peru, Əlcəzair, Tailand və Yaponiyadan dəvətlərin gəlməsi sevindirici haldır və bu fakt qadın voleybolçularımızın dünyada tanındığını və həmin ölkələrin voleybolçularının öz güclərini yığmamızla sınamaq niyyətində olduqlarını göstərir.
Lakin baş məşqçi Faiq Qarayevin yetirmələrini bu il çox gərgin və mötəbər yarışlar gözlədiyindən həmin dəvətləri qəbul etmək məsələsi sual altındadır. Belə ki, voleybolçularımız dünya və Avropa çempionatlarında, “Qran-pri” yarışlarında və bir sıra beynəlxalq turnirlərdə ölkəmizi təmsil edəcəklər. Buna görə də həmin dəvətlərə müsbət cavab verilməsi komandanın hazırlığı ilə bağlı plandan asılı olacaqdır.
Xatırladaq ki, Azərbaycan Voleybol Federasiyası mötəbər yarışlara hazırlıq məqsədi ilə iyun ayında Quba Olimpiya İdman Kompleksində beynəlxalq turnir keçirməyi nəzərdə tutur. “Lokomotiv” İSM-in 70 illik yubileyinə həsr olunacaq bu yarışda Azərbaycan, Belarus, Peru və Puerto-Rikonun yığma komandaları mükafatlar uğrunda dairəvi sistemlə mübarizə aparacaqlar.