SİYASƏT
“QADINLAR SABİTLİK, TƏRƏQQİ VƏ DEMOKRATİYA UĞRUNDA HƏRƏKATI”NIN ƏLAQƏLƏNDİRMƏ ŞURASININ BƏYANATI
İnsanın yaşamaq haqqını əlindən alan ölüm hökmünün ləğv edilməsi, yüngül cinayətlərə görə sərt cəza sisteminin tətbiqinin aradan qaldırılması, etdiyi cinayətlərə görə peşmançılıq duyanların yenidən dinc həyata qaytarılmasına şərait yaradılması – bütün bunlar tərəqqipərvər qüvvələrin alqışladığı bəşəri dəyərlərdir. Bu bəşəri dəyərlərin Azərbaycanda uğurla tətbiq edilməsi üçün möhtərəm Prezidentimiz Heydər Əliyev indiyədək əlindən gələni əsirgəməyib və əsirgimir. MDB ölkələri içərisində məhz Azərbaycan ölüm hökmünü aradan qaldıran ilk dövlət oldu. Məhz Azərbaycanda məhbusların saxlanma şəraiti digər postsovet ölkələrlə müqayisədə daha qənaətbəxşdir. Məhz Azərbaycanda Cinayət Məcəlləsinə dəyişikliklər edilərək, yüngül cinayətlərə görə ağır cəzaların tətbiqini nəzərdə tutan maddələr aradan qaldırıldı. Azərbaycan dövləti dəmir barmaqlıqlar arasında tutulanların təkcə saxlanma şəraitlərinin yaxşılaşdırılması yox, eyni zamanda onların dinc həyata qaytarılması baxımından da digər ölkələr üçün örnək ola bilər. Möhtərəm prezidentimiz humanist addım ataraq 1996-cı ildən üzübəri 7 dəfə amnistiya aktı imzalayıbdır. Nəticədə 63477 məhbus ya azadlığa çıxıb, ya da cəza müddəti azaldılıbdır. Bundan başqa, prezidentimiz indiyədək əfv haqqında 30 Fərman verib ki, nəticədə 3000 Azərbaycan vətəndaşı azadlığa buraxılıbdır. Azərbaycanın dövlət başçısı cənab Heydər Əliyev 9 may Qələbə Bayramı münasibətilə daha bir amnistiya aktı imzaladı ki, bu da 14 mindən artıq məhbusa şamil ediləcəkdir. Demək, 14 min ailədə sevinc yaşanacaqdır. Qadınlar, qızlar ərlərinə, qardaşlarına, uşaqlar atalarına, əzizlərinə qovuşacaqlar.
Biz – “Qadınlar Sabitlik, Tərəqqi və Demokratiya Uğrunda Hərəkatı” olaraq, möhtərəm prezidentimizin bu addımını alqışlayır, duamızı bu amnistiya aktları nəticəsində paylarına sevinc düşənlərin dualarına qataraq, ona böyük Yaradandan şəfa, cansağlığı diləyirik.