İDMAN
QADIN FUTBOL YIĞMA KOMANDASINA YENİ BAŞ MƏŞQÇİ TƏYİN OLUNMUŞDUR
Yeni məşqçi beynəlxalq yarışlara hazırlıq məqsədi ilə artıq yığma komandanın heyətini də müəyyənləşdirmişdir. Əvvəllər yığmanın heyətinə, əsasən, beşqat ölkə çempionu, dəfələrlə UEFA kuboku oyunlarının iştirakçısı “Gömrükçü” komandasının futbolçuları cəlb olunurdu. Şamil Heydərov isə komandaya Rusiya, Ukrayna və Nigeriyadan olan oyunçuları da dəvət etmişdir. “Gömrükçü” klubundan isə yığmada yalnız Tamella Bayramova və Mətanət Cəfərova oynayacaqlar.
“Gömrükçü” klubunun baş məşqçisi İlqar Hüseynov əcnəbi oyunçuların yığmaya cəlb olunmasının əleyhinə çıxaraq bildirmişdir ki, bu, ölkədə qadın futbolunun inkişafına mane olacaqdır. O, Azərbaycan çempionatında iştirak edən futbolçuların hazırlıq prosesinə cəlb olunaraq, yoxlanılmasının və onların arasından ən peşəkarlarının yığmaya daxil edilməsinin vacibliyini vurğulamışdır. İ.Hüseynov keçmiş SSRİ çempionatının bürünc medallarını qazanmış və hazırda “Gömrükçü” klubunun şərəfini qoruyan İradə Quliyeva və Mehparə Əliyevanın da yığma komandada iştirakını məqsədəuyğun hesab edir.
Xatırladaq ki, yığma komanda noyabrın 18-dən 23-dək Rumıniyada keçiriləcək Avropa çempionatının seçmə qrup oyunlarına hazırlaşır. İlk seçmə mərhələsində Azərbaycan yığması Rumıniya, Bolqarıstan və Estoniya komandaları ilə qarşılaşacaqdır. Qitə çempionatının final oyunları isə 2009-cu ildə keçiriləcəkdir.