MƏDƏNİYYƏT
“QADIN, GÖZƏLLİK VƏ ÜLVİYYƏT” KİTABININ TƏQDİMATI
Qadin Problemləri üzrə Dövlət Komitəsində tarix elmləri doktoru, professor, “Qızıl qələm” mükafatı laureatı Sabir Gəncəlinin Azərbaycanın dövlət müstəqilliyinin 10 illiyinə həsr olunmuş və Qadın Problemləri üzrə Dövlət Komitəsinin sifarişi ilə nəşr edilmiş “Qadın, gözəllik və ülviyyət” ensiklopedik toplusunun təqdimat mərasimi keçirilmişdir. Komitənin sədri Zəhra Quliyevanın kitaba yazdığı müqəddimədə deyilir ki, Azərbaycan, ingilis və rus dillərində çap olunmuş bu toplunun nəşrindən əsas məqsəd dünyada qadın məsələsinin qoyuluşunu, qadınların hüquq və azadlıqları uğrunda mübarizəni əks etdirmək, qadına tarix boyu bərqərar olmuş ülvi münasibəti, maarif və mədəniyyətin inkişafında qadınların rolunu və fəaliyyətini göstərmək, dünyanın, o cümlədən Azərbaycanın görkəmli qadınları haqqında oxuculara məlumat verməkdir.
Dövlət Komitəsi sədrinin müavini Dilruba Camalova mərasimdə çıxış edərək dedi ki, kitab 18 bölmədən və əsasən arxivlərdən götürülmüş 500-dən artıq fotoşəkildən ibarətdir. Məsələn, “Söz yaratdı, nəğmə qoşdu şair nənəm” bölməsində Azərbaycanın tanınmış qadın şairləri barədə məlumat verilir, “Bu ömürlər çıraq kimi nur çilədi” bölməsində isə maarif və mədəniyyətin inkişafında böyük xidmətləri olmuş yüzdən artıq azərbaycanlı qadından söz açılır. Dünya və Azərbaycan qadın hərəkatında, milli azadlıq mübarizəsində iştirak etmiş, XX əsrin 30-cu illərinin repressiyalarına məruz qalmış qadınlarımızın həyat və fəaliyyətinə ayrıca bölmələr həsr edilmişdir.
Təqdimat mərasimində çıxış edənlər Azərbaycanın tanınmış qadınları haqqında faktları sistemləşdirib oxuculara çatdıran, Azərbaycan qadınının mənəvi gözəlliyini tərənnüm edən müəllifin böyük əməyini vurğuladılar.
Axırda Sabir Gəncəli çıxış edərək, xoş sözlərə görə mərasim iştiirakçılarına təşəkkürünü bildirdi.