QADIN KLUBUNUN XEYİRXAH ƏMƏLLƏRİ

Xarici şirkətlərin bir qrup əməkdaşı bu yaxınlarda Saray qəsəbəsindəki 7 nömrəli internat evində olmuşdur. Səbəb isə çox vacib və sevindirici idi – internatın binası Beynəlxalq Qadın Klubu Saray birliyinin köməyi ilə təmir edilmişdir. Beynəlxalq Qadın Klubu 1994-cü ildə, o zaman ABŞ-ın və Böyük Britaniyanın Azərbaycandakı səfirlərinin xanımları Enn Kozlariçin və Elizabet Yanqın təşəbbüsü ilə yaradılmışdır. Həmin vaxtdan uğurla fəaliyyət göstərən klub müxtəlif millət və ölkələri təmsil edən qadınlar arasında dostluq və qarşılıqlı anlaşma yaratmağı qarşısına məqsəd qoymuşdur. Nizamnaməyə əsasən, klubun üzvlərinin yarısı əcnəbi, qalanı isə azərbaycanlı qadınlar olmalıdır. Bu mənfəətsiz qeyri-hökumət təşkilatının maliyyə fondlarının əsas mənbələri üzvlük haqları və xeyriyyə tədbirlərindən əldə edilən vəsaitlərdir. Xeyriyyəçilik və humanitar tədbirlər onun fəaliyyətinin mühüm istiqamətləridir. Yaxın vaxtlaradək klub Bakıdakı 7 uşaq evinə və internata hamilik edirdi, indi isə onların sırasına Lənkəran və Şamaxıdakı uşaq evləri də daxildir. Klubun üzvləri həftədə bir dəfə toplaşır, xeyriyyə gecələri təşkil edirlər. Yığılan vəsait uşaqların yaşayış şəraitinin yaxşılaşdırılmasına, onlara geyim və oyuncaqlar alınmasına, təmir işlərinə sərf olunur. Klubun üzvləri, ənənəvi olaraq, bütün bayramlarda hamiliyə götürdükləri uşaq tərbiyə müəssisələrinə baş çəkir, hədiyyələr paylayır, artistləri dəvət edirlər. Onlar təkcə bayram günləri deyil, hər həftə uşaqların qonağı olur, onların gündəlik qayğıları ilə maraqlanırlar. Şüvəlan qəsəbəsindəki internat məktəbin əsaslı təmiri də qadın klubunun xeyirxah əməllərindəndir. Sponsorlar məktəbin təmiri ilə yanaşı, uşaqlara mebel, geyim, ayaqqabı, məktəb ləvazimatı, xalçalar, kitablar, bir neçə televizor, idman avadanlığı, ərzaq malları da vermişlər. Klubun sponsorları isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti, “Ekson” şirkəti, “Avropa” mehmanxanası, Tükiyənin Bakıdakı səfirliyi və başqalarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.