İQTİSADİYYAT
QADIN SAHİBKARLAR PROBLEMLƏRİNİ MÜZAKİRƏ EDİRLƏR
ATƏT-in Bakı ofisinin “İqtisadiyyat və ətraf mühit” Proqramı çərçivəsində keçirilən tədbiri Müstəqil Hüquq Mərkəzinin prezidenti Aydın Kərimov açaraq demişdir ki, ATƏT-in maddi və mənəvi dəstəyi ilə “Qadınların sahibkarlıq fəaliyyətinə yardım” proqramını həyata keçiririk. Bununla əlaqədar respublikanın 10 regionunda 200-dən artıq qadın sahibkarlığın əsas prinsiplərini, mahiyyətini, hüquqi-normativ bazasını, fəlsəfəsini araşdırmışdır. On regiondan 18 sahibkar qadının iştirak etdiyi bugünkü konfransdan məqsədimiz onların üzləşdiyi problemləri aşkar edib aradan qaldırılması yollarını müəyyənləşdirməkdir.
ATƏT-in Bakı ofisinin rəhbəri Piter Burhard, iqtisadi inkişaf naziri Fərhad Əliyev, Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Tahir Budaqov, Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov, Vergilər Nazirliyinin şöbə müdiri Şamil Ərəbov, Norveç Krallığının ölkəmizdəki səfiri Steynar Gil, sənətşünas Kübra Əliyeva, Sahibkar Təşkilatları (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti Ələkbər Məmmədov, qeyri-hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar çıxış edərək sahibkarlıq fəaliyyətinin qadınlar arasında təbliği, dövlətin bu istiqamətdə həyata keçirdiyi tədbirlər, toplanmış təcrübə, həlli vacib problemlər, qarşıda duran vəzifələr barədə danışmışlar.
Qeyd olunmuşdur ki, qadınların ictimai, siyasi və iqtisadi həyatda rolu durmadan artır. Onlar müstəqil dövlət quruculuğunda daha fəal iştirak edirlər. Hazırda respublika əhalisinin 51,2 faizini, məşğul əhalinin isə 48 faizini qadınlar təşkil edirlər. Onlar daha çox təhsil, səhiyyə və digər sosial sahələrdə, kənd təsərrüfatında çalışırlar. Azərbaycanda həyata keçirilən özəlləşmə prosesində qadınların fəal iştirakı onların iqtisadi cəhətdən daha müstəqil olmaq, gəlir əldə etmək istəyini göstərir. Bu günədək 20 minə yaxın qadın özəlləşmə prosesində iştirak edərək səhm almışdır. 2500-dən artıq qadın kiçik müəssisə və qeyri-yaşayış sahələrini özəlləşdirmişdir. Dövlətlə və sahibkarların dialoqunun genişləndirilməsi məqsədi ilə Azərbaycan Prezidentinin yanında yaradılmış Sahibkarlar Şurasının tərkibində qadın sahibkarlar da təmsil olunmuşlar. Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərindən istifadə üzrə seçilmiş müvəkkil banklar tərəfindən regionlarda, o cümlədən Şəki, İsmayıllı, Gəncə, Beyləqan, Abşeron və digər rayonlarda fəaliyyət göstərən 18 qadın sahibkarın məişət-sanitariya məmulatlarının istehsalı, yüngül sənaye, turizm, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı yönümlü 1,2 milyard manat məbləğində sərmayə layihələri maliyyələşdirilmişdir. BMT-nin İnkişaf Proqramı ilə birlikdə həyata keçirilən layihə çərçivəsində Quba, Cəlilabad və Gəncə şəhərlərində qadın və ailə sahibkarlığına kömək mərkəzləri yaradılmışdır. Bu mərkəzlər vasitəsilə yüzlərlə qadın biznes-məşğələlərə cəlb olunmuşdur.
Natiqlər problemlərdən də bəhs etmişlər.
Konfrans öz işini noyabrın 23-dək Zuğulbadakı “Gənclik” turizm kompleksində seminarlarda davam etdirəcəkdir.