MƏDƏNİYYƏT
“QAFQAZI ADDIM-ADDIM” VERİLİŞİNİN NÖVBƏTİ BURAXILIŞI GÖSTƏRİLƏCƏK
TRT-nin Bakı təmsilçiliyindən AZƏRTAC-a bildirmişlər ki, budəfəki verilişdə 1918-ci ildə ermənilərin Azərbaycan türklərinə qarşı törətdikləri soyqırımlardan və bu ağır günlərdə qardaşlarının yardımına gəlmiş Qafqaz İslam Ordusundan söhbət açılacaq, həmçinin bu ordunun tərkibində Azərbaycana gəlmiş və sonra da buranı özünə Vətən seçərək yurd-yuva salmış Hafiz Abdulov, Celepoğlu Turan, Emin Öksüzoğlu və Mustafa Topaloğlunun həyat hekayələri danışılacaqdır.
Proqramda, həmçinin keçmiş Sovet hakimiyyəti illərində türklərin başına gətirilən müsibətlərdən, sadəcə türk olduqları üçün onlara verilən əzab-əziyyətlərdən, dəfələrlə Sibir meşələrinə sürgün olunmalarından, üzün illər Vətən həsrəti çəkmələrindən ürəkağrısı ilə söhbət açılacaqdır.
Veriliş martın 10-da Bakı vaxtilə saat 8.00-da və 1.30-da TRT-İNT, həmin gün saat 18.05-də və 23.50-də isə TRT-TÜRK kanallarında göstəriləcəkdir.