SİYASƏT
QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN QAZILAR VƏ ELMİ - DİNİ ŞURALARININ BİRGƏ İCLASI
Avqustun 1-də “Avropa” otelində Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının və Elmi-Dini Şurasının birgə iclası olmuşdur. İclasda “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının referendum aktı layihəsinə və avqustun 24-də keçiriləcək ümumxalq səsverməsinə dindarların münasibəti “barədə məsələ müzakirə edilmişdir.
İclası giriş sözü ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə açdı.
Konstitusiya Məhkəməsinin hakimi Ələddin Sultanov Konstitusiyaya dəyişikliklərin zəruriliyi və qanunauyğunluğundan danışaraq dedi ki, 1995-ci ildən ötən dövrdə ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti qurulması, insan hüquq və azadlıqlarının bərqərar olması, qanunun aliliyinin təmin edilməsi, bazar iqtisadiyyatının olunması sahəsində mühüm işlər görülmüşdür. Siyasi, iqtisadi, sosial və hüquq islahatları üçün möhkəm qanunvericilik bazası yaradılmışdır. İctimai münasibətlərdə də dərin dəyişikliklər baş vermişdir. Bütün bunlar cəmiyyət və dövlət həyatının müxtəlif sahələrini tənzimləyən Konstitusiyamızın daha da təkmilləşdirilməsi zərurətini irəli sürmüşdür. Referenduma çıxarılacaq məsələlər, ölkəmizin Əsas Qanununa tam uyğundur və onun heç bir maddəsi ilə ziddiyyət təşkil etmir. Azərbaycan Konstitusiya Məhkəməsi bu barədə qərar vermişdir.
Elmi-Dini Şuranın sədri, AMEA-nın müxbir üzvü Vasim Məmmədəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev, Elmi-Dini Şurasının üzvü, akademik Fuad Qasımzadə, Maştağa, Salyan, Mingəçevir, Sabirabad məscidlərinin axundları referendum aktı layihəsi ilə bağlı fikir və mülahizələrini bildirdilər.
Milli Məclisin deputatları Fəttah Heydərov, Əsmət Məmmədova, Hadı Rəcəbov, Əhəd Abıyev, Eldar İbrahimov, Zəlimxan Yaqub, Şahlar Əsgərov Konstitusiyamıza ediləcək dəyişikliklərin ölkəmizin gələcək inkişafına, insan hüquq və azadlıqlarının daha yaxşı təmin edilməsinə zəmin yaradacağını vurğuladılar.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru hacı Sabir Həsənli, rus pravoslav kilsəsinin protoireyi Aleksi, Dağ yəhudiləri icmasının sədri Semyon İxiilov, Avropa yəhudiləri icmasının sədri Gennadi Zelmanoviç referendum aktı layihəsində irəli sürülən məsələlərin mahiyyətini din xadimlərinin çox yaxşı başa düşdüklərini vurğulayaraq dedilər ki, cəmiyyətimiz dəyişir, inkişaf edir, ona görə Konstitusiyada dəyişikliklər də labüddür.
İclasda qeyd olundu ki, din xadimləri özlərini həmişə Allah qarşısında cavabdeh hesab edir, bütün hərəkətlərində haqqı, ədaləti əsas götürürlər. Konstitusiyaya təklif edilən bu dəyişikliklər heç kəsdə mübahisə doğurmamalıdır. Çünki bunlar xalqın həyatını daha da yaxşılaşdırmaq, insan ləyaqətini, hüquq və azadlıqlarını qorumaq məqsədi daşıyır. Ona görə də Azərbaycan dindarlarının bu mühüm tədbirdən – referendumdan kənarda qalmağa mənəvi haqqı yoxdur. Dindarlar vətəndaşlıq nümunəsi göstərəcək, referenduma “hə” deyəcəklər.
Ümumxalq səsverməsi müqəddis dinimiz olan islamın da demokratik ənənələrinə tam cavab verir və Azərbaycanın dindarları bu səsvermədə yekdilliklə iştirak edəcəklər.
İclasda Azərbayan dindarlarına müraciət qəbul olundu.