SİYASƏT
QAFQAZ MÜSƏLMANLARI İDARƏSİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Fevralın 4-də erməni katolikosu 2-ci Qaregin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə telefon açmışdır. Söhbət zamanı erməni dini lideri bildirmişdir ki, o, verdiyi sözə əməl edərək, azərbaycanlı əsir Elməddin Abıyevin azadlığa buraxılması ilə bağlı Ermənistan prezidenti R.Koçaryana müraciət etmişdir.
Katolikos Şeyxülislamı əmin etmişdir ki, bu məsələ yaxın vaxtlarda müsbət həll olunacaqdır. O, bildirmişdir ki, aldığı məlumata görə, Elməddin Abıyev hazırda müalicə olunur və beynəlxalq təşkilatların nümayəndələrinin onu müşahidə etmək imkanı vardır.
Söhbət zamanı, Ümumrusiya patriarxı 2-ci Aleksinin vasitəçiliyi ilə Moskvada keçirilməsi nəzərdə tutulan Azərbaycan, Gürcüstan və Ermənistan dini liderlərinin görüşü barədə də fikir mübadiləsi edilmişdir.