Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

QARA DƏNİZ HÖVZƏSİ ÖLKƏLƏRİNİN UNİVERSİTETLƏRİ ŞƏBƏKƏSİNİN KONQRESİ İŞTİRAKÇILARININ AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, ZATİ-ALİLƏRİ HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVƏ MÜRACİƏTİ

Cənab Prezident!

Qara Dəniz Hövzəsi Ölkələrinin Universitetləri Şəbəkəsinin II Konqresi işini uğurla başa çatdırmışdır. Sentyabrın 11-14-də 11 ölkədən 70-ə qədər universitet rektorlarının, xarici işlər və təhsil nazirliklərinin struktur rəhbərlərinin, elm və təhsil üzrə görkəmli mütəxəssislərin iştirak etdiyi bu tədbir yaddaşlarımızda tarixi hadisə kimi uzun müddət qalacaqdır. Sizin Konqresimizə göndərdiyiniz təbrik məktubu iştirakçılar tərəfindən çox böyük rəğbətlə qarşılandı. Həmin məktubda dəyərli tövsiyələriniz Konqresin işinə əhəmiyyətli dərəcədə təsir göstərdi. Biz Konqres iştirakçıları Sizin bu qayğı və diqqətinizi heç vaxt unutmayacağıq.

Hörmətli Heydər Əlirza oğlu!

İki il öncə Qara Dəniz Hövzəsi Ölkələrinin Universitetləri Şəbəkəsinin II Konqresinin məhz Azərbaycanda keçirilməsinə qərar verilməsinin təsadüfi olmadığına Konqres günlərində bir daha əmin olduq. Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür. Tərəqqi və inkişaf təkcə iqtisadiyyatın deyil, təhsil və elmin də bütün sahələrini əhatə edir. Biz Konqres zamanı universitetlərin şəbəkəsinin genişləndirilməsi və əməkdaşlığın gələcək məqsəd və vəzifələrini müəyyən edərkən Azərbaycanda məhz Sizin siyasətiniz nəticəsində elm və təhsilin inkişafına yaradılmış şərait və imkanları çox yüksək qiymətləndirdik.

Cənab Prezident!

Bakıdan çox böyük təəssüratla ayrılır və Sizi əmin edirik ki, Qara Dəniz Hövzəsi Ölkələrinin Universitetləri Şəbəkəsinə üzv olan ali təhsil ocaqlarında çalışan elm və təhsil işçiləri ölkələrimizin bir-biri ilə daha sıx əməkdaşlıq etməsinə, elm və təhsilin inteqrasiyası proseslərinə öz müsbət təsirlərini göstərəcək, bölgədə sülh və əmin-amanlığın bərqərar edilməsinə çalışacaqlar.

Göstərdiyiniz qayğı və diqqətə görə Sizə bir daha dərin təşəkkür edir və minnətdarlığımızı bildiririk.

Müraciət Qara Dəniz Hövzəsi Ölkələrinin Universitetləri

Şəbəkəsinin yekun iclasında iştirakçılar

tərəfindən qəbul edilmişdir.

Bakı, 13 sentyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin