İQTİSADİYYAT
QARA DƏNİZ TİCARƏT VƏ İNKİŞAF BANKI AZƏRBAYCANIN QEYRİ-NEFT SAHƏSİNƏ VƏSAİT QOYUR
Qara Dəniz Ticarət İnkişaf Bankı Azərbaycanda qeyri-neft sektoruna aid olan layihələrə maliyyə yardımı göstərməyi planlaşdırıb. Bank Azərbaycanda özəlləşdirilmiş müəssisələrə, onların inkişafına və keçid dövründə ortaya çıxan problemlərin həllinə yardım göstərmək niyyətindədir.
Milli Məclisin regional məsələlər daimi komissiyası sədrinin müavini Şaitdin Əliyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Bankın planlarında Azərbaycanda iqtisadi islahatların uğurla həyata keçirilməsinə, özəlləşdirmə prosesinə sərmayə cəlb olunması, rabitə, nəqliyyat, istehsal, emal, aqrar sahələrdə biznesi və digər sahələri əhatə edən layihələrin maliyyələşdirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı 2002-ci ilin yanvarında Azərbaycan Beynəlxalq Bankına 4 milyon ABŞ dolları məbləğində vəsait köçürmüşdür. Kredit şəklində ayrılmış bu vəsait Qara Dəniz hövzəsində Azərbaycanın ticarət əlaqələrinin inkişafına yardım üçün nəzərdə tutulmuşdur.
Bank ticarət sahəsinin maliyyələşdirilməsində real potensiala malik, lakin əlavə köməyə ehtiyacı olan müəssisələrə, o cümlədən kənd təsərrüfatı istehsalının artırılmasına maliyyə yardımı etmək niyyətindədir.