DÜNYA
“QARA QUTU”NUN İXTİRAÇISI VƏFAT ETMİŞDİR
Bakı, 21 iyul (AZƏRTAC). AZƏRTAC Assoşieyted Press agentliyinə istinadla xəbər verir ki, təyyarələrdə “qara qutu” adlandırılan qeydiyyat qurğusunun ixtiraçısı, Avstraliya mühəndisi Devid Uorren 85 yaşında vəfat etmişdir.
Uorren Avstraliyada doğulmuşdur. Hələ 9 yaşında ikən gələcək ixtiraçının atası təyyarə qəzasında həlak olmuşdur. Sonralar o, taleyini aviasiya sahəsi ilə bağlamışdır. 1952-ci ildən Melburnda aeronavtika ETİ laboratoriyasında işləmiş və ilk sərnişin reaktiv təyyarəsi olan “Comet”in qəzaya uğramasının səbəblərini araşdıran mütəxəssislər qrupuna daxil edilmişdir. Pilotların danışıqlarını lentə almaq ideyası da elə o zaman yaranmışdır.
Uorren ilk “qara qutu”nu 1956-cı ildə təqdim etmişdir. Lakin ixtira aviaşirkətləri maraqlandırmamışdır. 1960-cı ildə isə Avstraliyada “qara qutu”ların mütləq qaydada bütün təyyarələrdə quraşdırılması barədə sərəncam verilmişdir. Sonralar dünyanın digər ölkələri də bu hərəkata qoşulmuşlar. İndi “qara qutu”lar bütün sərnişin təyyarələrində quraşdırılır.
2007-ci ildə Devid Uorren zəmanəmizin 100 dahisi siyahısına daxil edilmiş yeganə avstraliyalı olmuşdur.