SİYASƏT
QƏRBİN İRİ NEFT-QAZ ŞİRKƏTLƏRİ TÜRKMƏNİSTANI TƏDRİCƏN TƏRK EDİRLƏR
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) baş katibliyində “Royyal Datç Şell” Niderland-Britaniya konserninin Aşqabad nümayəndəliyindəki mənbələrə istinadla bildirmişlər ki, Qərbin iri neft-qaz şirkətləri Türkmənistandan tədricən çıxıb gedirlər.
AZƏRTAC-a Rusiyanın “Novosti” agentliyindən daxil olan xəbərə görə, Türkmənistandakı nümayəndələrinin sayını üç nəfərədək azaldan “Şell” rəhbərliyinin fikrincə, konsern bu ölkədə işləmək üçün, “əslində heç bir perspektivə malik deyildir. Çünki Türkmənistanın zəngin təbii qaz ehtiyatlarının işlənilməsi ilə bağlı qarşılıqlı surətdə faydalı real layihələr yoxdur”.
Məsələn, “Şell”in başçılıq etdiyi iri layihə - Türkmənistan-Türkiyə-Avropa qaz kəmərinin tikintisi layihəsi həyata keçirilməmişdir. Başqa bir layihə - Türkmənistandan Azərbaycana, oradan da Gürcüstan ərazisi ilə Türkiyəyə qaz kəməri çəkilməsi layihəsi də gerçəkləşdirilməmişdir.
Qərb ekspertləri bildirirlər ki, “Şell” və “Eksson-Mobil” (bu konsern öz nümayəndəliyini bir il əvvəl bağlamışdır) kimi şirkətlərin ölkədən getməsindən böyük narahatlıq keçirən Türkmənistan hökuməti onlara digər layihələrə, o cümlədən transəfqanıstan boru kəmərinin tikintisi layihəsinə qoşulmağı təklif etmiş, lakin “sövdələşmənin tam perspektivsizliyinə görə” müsbət cavab almamışdır.