SİYASƏT
QARŞILIQLI SƏFƏRLƏR ƏLAQƏLƏRİMİZİ DAHA DA MÖHKƏMLƏNDİRƏCƏK
Qonaqları səmimi salamlayan Murtuz Ələsgərov demişdir ki, Azərbaycanla Türkiyə arasında çox gözəl əlaqələr vardır. Dövlət başçılarımızın məqsədyönlü siyasəti nəticəsində münasibətlərimiz qardaşlıq səviyyəsinə çatmışdır. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Parlamentlərimiz çalışmalı və bu deyimi əsas tutaraq əlaqələrimizi daha da genişləndirməlidir. Ümid edirəm ki, bu cür səfərlər münasibətlərimizin daha da inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaqdır.
Sonra Milli Məclisin sədri parlamentlərarası əlaqələrimizin inkişaf prinsiplərindən danışmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermişdir. O demişdir ki, Azərbaycan öz torpaqlarının bir qarışını belə heç kimə verməyəcək və nə yolla olursa-olsun öz ərazilərini işğaldan azad edəcəkdir.
Haluk İpək demişdir ki, nümayəndə heyətinin Azərbaycana səfərindən məqsəd parlamentlərarası əlaqələri daha da inkişaf etdirməkdir. Nümayəndə heyəti üzvlərinin böyük əksəriyyəti qadın deputatlardır. Onların da əsas məqsədi Milli Məclisdə təmsil olunan qadın deputatlarla iş birliyi qurmaqdır. Ümid edirik ki, qarşıya qoyduğumuz məqsədə nail olacağıq.
Dağlıq Qarabağ münaqişəsinə gəlincə, bu məsələdə Türkiyə hər zaman Azərbaycanın yanındadır və hakimiyyətə hansı partiyanın gəlməsindən asılı olmayaraq siyasət dəyişməyəcəkdir.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.