İDMAN
QASIMCANOV-KASPAROV YARIŞI HARADA KEÇİRİLƏCƏK?
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Harri Kasparovla (Rusiya) ilə Rüstəm Qasımcanov (Özbəkistan) arasında FİDE versiyası üzrə mütləq dünya çempionu adı uğrunda şahmat yarışını keçirməyə üç paytaxt – London, Dubay və Daşkənd namizəddir. Bunu Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov iyulun 16-da Moskvada keçirdiyi mətbuat konfransında bildirmişdir.
O demişdir: “İndiki halda, Dubay rəqiblərindən irəlidədir. Birləşmiş Ərəb Əmirliklərinin Turizm Nazirliyi və paytaxt bələdiyyəsi FİDE-nin 1 milyon dollar məbləğində müəyyənləşdirdiyi minimum mükafat fondunun yarısını ayırmağa hazırdır. Bu mümkün yarışa Londonda milyoner Natan Rotşild himayədarlıq edir. Daşkəndlə bağlı variant da istisna deyil, çünki nokaut sistemi üzrə dünya çempionatının qalibi Qasımcanov Özbəkistan nümayəndəsidir, onun ölkəsinin Prezidenti İslam Kərimov isə bu ideyanın fəal tərəfdarıdır”.
K.İlyumjiov bildirmişdir ki, “Kasparov-Qasımcanov yarışının keçiriləcəyi şəhərlə bağlı qəti variantı FİDE sentyabrın 15-də açıqlayacaqdır”.