MƏDƏNİYYƏT


QAXDA MƏDƏNİYYƏT İŞÇİLƏRİNİN ZONA MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR

Mədəniyyət Nazirliyinin xətti ilə Qax rayonunda mədəniyyət işçilərinin növbəti zona müşavirəsi keçirilmişdir. Müşavirədə mədəniyyət nazirinin müavini Ədalət Vəliyev, nazirliyin idarə rəisləri və Balakən-Şəki bölgəsi və ətraf rayonlar da daxil olmaqla, 10 rayonu təmsil edən mədəniyyət şöbələri rəhbərləri, mədəni-maarif işçiləri, musiqi məktəblərinin müəllimləri və muzey əməkdaşları iştirak etmişlər.

Müşavirədən bir gün əvvəl nazir müavini Ə.Vəliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı Abbas Göyüşovla birlikdə rayonun mədəniyyət obyektlərinə baş çəkmiş, həmçinin Əmbərçay kəndlərindəki Kürmük məbədində və İlisu kəndlərindəki Sumuq qala memarlıq abidəsində aparılan bərpa işlərinin vəziyyəti ilə tanış olmuşlar.

Şəhər mədəniyyət evində keçirilən müşavirəni Qax Rayon İcra Hakimiyyətinin başçısı Abbas Göyüşov açaraq qonaqları salamlamış və iştirakçılara öz xoş arzularını bildirmiş, belə bir tədbiri rayonun mədəni həyatında əlamətdar hadisə kimi dəyərləndirmişdir.

Nazir müavininin tövsiyələrinə əsasən zona müşavirəsi özünütənqid ruhunda keçdi. Çıxış edən rayon mədəniyyət şöbəsinin, nazirliyin müxtəlif bölmələr üzrə elmi metodiki mərkəzinin, ixtisasartırma kursunun, kitabxana kollektivinin rəhbərləri ötən ilin iyul ayında Şəki şəhərində keçirilmiş əvvəlki zona müşavirəsində qeyd olunmuş nöqsanların aradan qaldırılması istiqamətində görülmüş işlərdən və mövcud problemlərdən söhbət açdılar.

Müşavirənin yekununda nazir müavini Ə.Vəliyev tədbirin gedişi zamanı natiqlər tərəfindən söylənilən fikirlərə öz münasibətini bildirərək qeyd etdi ki, kitabxana fondlarının oxucuların tələblərinə uyğun olaraq yeni, latın qrafikalı ədəbiyyatla zənginləşdirilməsi, ərazidə olan tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması, ad göstəriciləri lövhələrinin hazırlanması, mədəniyyət obyektlərində cari və əsaslı təmir işlərinin aparılması və sair işlərə mədəniyyət şöbələrinin rəhbərləri xüsusilə diqqət yetirməlidirlər. O, bu işdə yerli icra və bələdiyyə orqanları tərəfindən köməklik göstərilməsinin də vacibliyini vurğuladı.

Zona müşavirəsinin sonunda Mədəniyyət Nazirliyi tərəfindən 2003-cü ilin iyul-noyabr aylarında keçirilən milli musiqi alətləri ifaçılarının respublika müsabiqəsinin Qax və Şəki rayonlarından olan laureatlarına nazirliyin fəxri fərmanları təqdim edildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.