MƏDƏNİYYƏT


QAXDA TURİZMİN İNKİŞAFI ÜÇÜN REAL İMKANLAR VARDIR

Qax, 30 iyul (AZƏRTAC). Qax rayonu ölkəmizin turizmin inkişafı üçün geniş imkanlara malik fauna və florası ilə seçilən, mineral xammal ehtiyatlarına, əlverişli iqlim şəraitinə malik rayonlarındandır. Rayonun mülayim və saf dağ iqlimi, zəngin mineral şəfa bulaqları, əsrarəngiz təbiəti, şəlalələri, düzənlik və dağ meşələri, çayları burada turizmin inkişafı, ilboyu fəaliyyət göstərən istirahət və turizm mərkəzlərinin yaradılması üçün çox əlverişlidir. Qədim tarixə və mədəniyyətə malik bu diyarın hər bir guşəsi turistlər üçün əsl istirahət məkanıdır.

Qədim yaşayış məskənlərindən olan bu ərazi tarixi abidələri ilə də diqqəti cəlb edir. Rayonda 2-si dünya, 18-i ölkə və 48-i isə yerli əhəmiyyətli olmaqla, 68 tarixi abidə mövcuddur. Ləkit kəndindəki V əsrə aid məbəd, VI-VII əsrlərə aid məbəd kompleksi, Qum kəndində V-VI əsrlərə aid məbəd, İlisu kəndində “Sumuq qala”, “Beş bulaq”, “Ulu körpü” abidələri, habelə məscid və qalalar, Ağçay kəndində “Oğlan qala, qız qala”, Oncallı kəndində Oğuz qəbiristanlığı, Qax şəhərinin İçəri Bazar küçəsində Qala qapısı və divarları, habelə rayon ərazisində yerləşən onlarla digər abidələr tarixilik baxımından ziyarətçilər üçün böyük maraq kəsb edir.

Rayon mədəniyyət və turizm şöbəsi tərəfindən turistlərin abidələrə səyahətini təşkil etmək üçün 6 marşrut müəyyənləşdirilmişdir. Marşrutlar üzrə ekskursiya mətnləri hazırlanmışdır.

Hazırda rayonda bir mehmanxana, “Şəfa” istirahət və müalicə pansionatı, “İlisu” pansionatı, “Yaşıl park”, “Ulu dağ”, “Ulu”, “İmproteks” turizm və istirahət mərkəzləri, “Qafqaz” və “Eden park” mehmanxanaları turistlərə xidmət göstərir. Bu mərkəzlərin hər biri dövlət qeydiyyatından keçərək lisenziya almışdır. Turizm obyektlərində yerlərin sayı artaraq 494-ə çatmışdır. Bu yerlərdən 78-i lüks, 56-sı birinci dərəcəli, 138-i isə turist dərəcəli nömrələrdir.

Turizm mərkəzlərində qiymətlər 30-55 manat arasında dəyişir. 2009-cu ildə rayonun turizm obyektlərində 4 min nəfərdən artıq turist istirahət etmişdir. 2010-cu ilin ilk 6 ayında isə rayonda istirahət edən turistlərin sayı 2225 nəfər təşkil etmişdir. Onlardan 1719 nəfəri istirahət və əyləncə üçün, 276-sı müalicə, 185-i işgüzar səfər, qalanları isə digər məqsədlər üçün gələn turistlərdir. İstirahətçilərin 212 nəfərini xarici turistlər təşkil etmişdir.

Rayonda kənd yaşıl, müalicə, istirahət turizmi daha geniş yayılmışdır. Bunlardan daha çox inkişaf etmiş kənd yaşıl turizmi əsasən yerli turistlərin istifadə etdiyi turizm növüdür. Rayonda həmçinin, mövsümi ovçuluq, atçılıq, dağ, qış və digər turizm növlərinin inkişaf etdirilməsi üçün də münbit şərait vardır.

Rayonun turizm imkanları barədə fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşən rayon mədəniyyət və turizm şöbəsinin inspektoru Dilarə Əzizova bildirmişdir ki, indiki məqamda insanları nə ulduzlu hotellər, nə də bir-birinə bənzəyən mehmanxanalar, turizm obyektləri maraqlandırır. Turistləri ən çox maraqlandıran təbiətə daha yaxın olmaqdır. Bu səbəbdən də onlar sadə kənd evlərində qalmağa daha çox üstünlük verir, sakit təbiət guşələrini özlərinə məkan seçirlər. Belə evlərdə qalan turistlər yerli əhali ilə sıx ünsiyyət yaradaraq bölgənin adət-ənənələri, yaşayış tərzi ilə yaxından tanış olurlar.

Qax rayonunda turizmin bu növü - kənd yaşıl turizmi artıq öz təsdiqini tapmışdır. Sadə kənd evlərində istirahət etmək istəyənlərin sayı ildən-ilə artır. Bu turizm növünün inkişafı həm də onlarla, yüzlərlə ailənin sosial-iqtisadi cəhətdən güclənməsinə gətirib çıxarır. İlisu, Ağçay, Qaşqaçay, Çinarlı, Qum kəndlərində hazırda bu turizm növündən onlarla ailə yararlanır.

Rayonun təbii sərvətləri, zəngin fauna və florası burada ekoturizmin inkişafına da böyük təkan vermişdir. Qaxda xüsusilə dağ, qış və piyada turizmi inkişaf etməkdədir. Bundan əlavə, Qax rayonu kurort sərvətləri cəhətdən də çox zəngindir. Lakin bi imkanlardan o qədər də geniş istifadə olunmur. Bol mineral su ehtiyatlarının varlığı rayonda iqlim-balneoloji kurort zonalarının yaradılmasını zəruri edir. İlisu və Sarıbaş kəndlərində yer üzünə çıxan termal bulaqlar qədimdən xalq təbabətində yel xəstəliyinə qarşı istifadə olunur. İlisu kəndindən xeyli aralıda, Hamam çayı sahilindəki Oğlan bulaq, Qız bulaq və hamam adlanan hovuzlar oraya gedən yüzlərlə xəstəyə şəfa bəxş edirdi. Əksər hallarda bu bulaqların suyu hədər yerə axıb gedirdi. Sevindirici haldır ki, bu yaxınlarda həmin bulaqların suyu borularla “Ulu dağ” istirahət mərkəzinə gətirilmişdir. Müalicə məqsədi ilə sudan istifadə üçün artıq uzun və üzücü yolu qət etmək lazım gəlmir. Xəstələr hər cür şəraiti olan rahat otaqlarda bu müalicəvi sudan istifadə etməyə başlamışlar.

Prezident İlham Əliyevin 2010-cu il 6 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin həlli Qax rayonunda da turizm sahəsinin inkişafı üçün yeni imkanlar açacaqdır.

Mustafa Dadaşov

AZƏRTAC-ın müxbiri

######

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.