İQTİSADİYYAT
QAX RABİTƏÇİLƏRİNİN UĞURLARI
Rayon Telekommunikasiya Qovşağından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, on ayda tarif gəliri 791,9 milyon manat olmuşdur ki, bu da nəzərdə tutulduğundan 25,9 milyon manat, keçən ilin müvafiq dövrü ilə müqayisədə isə 95,6 milyon manat çoxdur. Həmin dövrdə dövlət büdcəsinə 173,8 milyon manat vəsait ödənilmişdir.
2003-cü ilin “kənd rabitəsi ili” elan olunması Qax rayonunda da rabitənin inkişafına müsbət təsir göstərmişdir. Ümumiyyətlə, son 3 ildə rayonun kəndlərində 10 yeni ATS istifadəyə verilmişdir. Hazırda rayonda 1 şəhər və 30 kənd ATS-i fəaliyyət göstərir.
Son aylar 3 kənd ATS-nin hər birinin tutumu 50 nömrə artırılmış, 8 kənd ATS-i isə yeni dizel-generator və akkumulyator qurğuları ilə təchiz edilmişdir. 5 kənd ATS-də hava rabitəsi xəttləri kabellərlə əvəz edilmiş, daha 5 ATS-də isə kanalların sayı normativə çatdırılmışdır.
Yaxın günlərdə Qax-İnqiloy kəndində tutumu 100 nömrə olan ATS istifadəyə veriləcək, Qorağan və Oncallı kənd ATS-lərinin hər birinin tutumu 50 nömrə genişləndiriləcəkdir. Zəyəm və Əlibəyli kənd ATS-lərində yeni avadanlığın quraşdırılması başa çatmaqdadır.
Bütün bu tədbirlərin nəticəsində ümumi tarif gəlirində kənd rabitəsindən gələn gəlirin xüsusi çəkisi ilbəil artır. Ötən 10 ayda bu göstərici 239,4 milyon manat və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 34,9 milyon manat çox olmuşdur.