REGİONLAR
QAX TÜTÜNÇÜLƏRİ BOL MƏHSUL YETİŞDİRMİŞLƏR
Qax, 10 avqust (AZƏRTAC). Bu il Qax rayonunun fermer təsərrüfatlarında 219 hektar sahədə “Virciniya” və “Berley” növlü ətirli tütün əkilmişdir. Əkin sahələri əvvəlki ilə nisbətən 43 hektar genişləndirilmişdir.
Hazırda təsərrüfatlarda tütün yığımı davam edir. Fermerlər indiyədək sahələrdən 960 ton yaş tütün dərmişlər. Yığılmış yaş tütün qurudulmaq üçün “İnter-Tobacco” MMC-in rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı müəssisəsinə təhvil verilir. Burada yaş tütünün qurudulması üçün Bolqarıstanın “Ronis” şirkətinin istehsalı olan 60 odla tütünqurutma kamerası quraşdırılmışdır. “İlisu” kəndli fermer təsərrüfatı müəssisəyə hamıdan çox- 80 ton yaş tütün təhvil vermişdir. Ümumiyyətlə, bu il rayonda yaş tütün istehsalının 6 min tona, o cümlədən quru tütün istehsalının 500 tona çatacağı proqnozlaşdırılır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, təsərrüfatlarda dügər növ kənd təsərrüfatı məhsulları yığımı da mütəşəkkil davam edir. İndiyədək tərəvəz əkilmiş 635 hektar sahədən 1200 ton, bostan bitkiləri əkilmiş 193 hektar sahədən isə 800 ton məhsul yığılmışdır. Kartof yığımı isə əsasən başa çatdırılmışdır. Fermerlər 516 hektar sahədən 3 min 818 ton məhsul götürmüşlər. Bundan əlavə, taxıl əkininə hazırlıq üçün 300 hektardan artıq sahədə yay şumu çıxarılmışdır.