QAZAXISTANDA DƏMİRYOL XƏTLƏRİNİN ŞƏBƏKƏSİ GENİŞLƏNDİRİLİR
AzerTAg.az
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Qazaxıstanın Kustanay vilayətində Xromtau-Altınsarino dəmiryol sahəsinin təntənəli açılışı olmuşdur. Tədbirdə iştirak edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev demişdir ki, yol Qazaxıstanın mərkəzi ilə həm qərbi, həm də şərqi arasında məsafəni 2000 kilometr qısaldacaqdır. Onun sözlərinə görə, bu, ölkənin şərq və mərkəzi regionlarından yük daşınmalarının vaxtına, nəticədə daşınan yükün qiymətinə xeyli qənaət edəcəkdir. Belə ki, bir ton buğdanın qiyməti 20 dollar, bir ton metal prokatının qiyməti isə 14 dollar aşağı düşəcəkdir.
Prezident qeyd etmişdir ki, dəmir yolu boyunca yeni nikel, dəmir filizi, mis yataqları mənimsəniləcək və inkişaf etdiriləcəkdir. Yeni avtomobil və dəmir yollarının salınması Qazaxıstan iqtisadiyyatının inkişafına təkan verəcəkdir.
Artıq Xromtau-Altınsarino xətti ilə Xəzərdəki Aktau limanı istiqamətində buğda və metal prokatı yüklənmiş ilk qatar yola düşmüşdür. Yolun uzunluğu 402,5 kilometrdir. Layihənin ümumi dəyəri 230,8 milyon ABŞ dollarına bərabərdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı
Xəbərin mətnində orfoqrafik səhv var