İQTİSADİYYAT
QAZAXISTANDA NEFT-QAZ SEKTORUNDA MƏNFƏƏTDƏN VERGİ 85 FAİZƏDƏK ARTIRILIR
AZƏRTAC-ın müxbiri Astanadan xəbər verir ki, Qazaxıstanda vergi qanunvericiliyinə düzəlişlər edilməsi nəticəsində 2004-cü ildən neft və qaz sektorunda mənfəətdən vergi indiki 25-30 faizdən 60-85 faizədək artırılacaqdır. Bunu Baş nazir Danial Əhmədov 2003-2015-ci illərdə sənaye-innovasiya inkişafı strategiyasının həyata keçirilməsi mexanizmlərinin müzakirəsinə dair respublika konfransında çıxışında açıqlamışdır.
İqtisadiyyat və büdcənin planlaşdırılması naziri Kayrat Kelimbetov qanun layihəsini deputatlara təqdim edərək demişdir: “Vergi qanunvericiliyində düzəlişlər aparılması dövlətin sabit gəlirini, vergi inzibatçılığının sadələşdirilməsini təmin etməyə imkan verəcəkdir”.
Bu cür vergi yeraltı sərvətlərdən istifadəyə dair ancaq yeni müqavilələrə tətbiq olunacaq, bütün köhnə müqavilələrə isə onların bağlandığı dövrün qanunvericiliyi şamil ediləcəkdir.