SİYASƏT
QAZAXISTAN 2009-CU İLDƏ ATƏT-DƏ SƏDRLİYƏ NAMİZƏD OLA BİLƏR
AZƏRTAC-ın Astanadan aldığı xəbərə görə, bunu ATƏT-in hazırkı sədri, Bolqarıstanın xarici işlər naziri Solomon Passi Almatıda Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşdən sonra söyləmişdir. Onun fikrincə, Qazaxıstan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında sədrliyə layiqli namizəd ola bilər.
S.Passi demişdir ki, Qazaxıstan iqtisadi inkişafın səviyyəsinə görə digər Mərkəzi Asiya ölkələrindən irəlidədir. “Son illər Qazaxıstanda demokratik islahatlar sahəsində böyük tərəqqi baş vermişdir. Odur ki, beynəlxalq birlik bunu qiymətləndirməlidir”.
Diplomat ATƏT-in Qazaxıstanla əməkdaşlığından razı qaldığını açıqlamışdır. Onun sözlərinə görə, regional əməkdaşlığın inkişaf etdirilməsi onların arasında qarşılıqlı fəaliyyətin öncül istiqaməti olacaqdır. Regional əməkdaşlığın Mərkəzi Asiyada xüsusilə aktual olduğunu vurğulayan S.Passi demişdir: “Biz hamımız ümumi təhdidlərə qarşı mübarizə aparırıq və onlara ancaq birgə fəaliyyət göstərməklə qalib gəlmək olar”.