DÜNYA
QAZAXISTAN KOSMİK SAHƏNİN İNKİŞAFI PROQRAMINI HAZIRLAYIR
AZƏRTAC-ın xüsusi müxbiri Astanadan xəbər verir ki, Qazaxıstanın baş naziri Danial Əhmədov hökumətə işçi qrup təşkil etməyi və bir ay ərzində kosmik sahənin inkişafı proqramının layihəsini hazırlamağı tapşırmışdır. Bu barədə respublika Nazirlər Kabinetinin mətbuat xidməti məlumat vermişdir.
Baş nazirin sözlərinə görə, qarşıda duran başlıca vəzifə ölkənin elmi potensialını və respublika ərazisində kosmosla bağlı obyektləri birləşdirməkdir. O demişdir ki, Qazaxıstan özünü “kosmik dövlət” adlandırsa da, bu sahədə onun xidməti yalnız Baykonur kosmodromunu Rusiyaya icarəyə verməsindən ibarətdir.
2004-cü il yanvarın 9-da M.B.Xruniçev adına Dövlət Kosmik Elm- İstehsal Birliyi tərəfindən Qazaxıstanın ilk kosmik peykinin hazırlanması və buraxılması haqqında müqavilə imzalanmışdır. Qazaxıstan, Orta Asiya ölkələri və Rusiyanın mərkəzi hissəsi bu aparatın xidmətindən istifadə edə biləcəkdir. Peykin 2005-ci ildə Baykonur kosmodromundan “Proton” daşıyıcı raketi vasitəsilə orbitə çıxarılması nəzərdə tutulur.