DÜNYA
QAZAXISTAN ÖZ TELEKOMMUNİKASİYA PEYKİNİ YARADIR
Qazaxıstanın baş naziri Danial Əhmədov Rusiya Kosmik Mərkəzinin baş direktoru Aleksandr Medvedevi qəbul etmişdir. Görüşdə Qazaxıstanda ilk telekommunikasiya peykinin yaradılması haqqında söhbət getmişdir.
Qazaxıstan hökumətinin bu yaxınlarda qəbul etdiyi qərara görə, peykin yaradılması və buraxılışı ilə Kosmik Mərkəz məşğul olacaq. D.Əhmədov bunu Qazaxıstanın kosmik proqramında ilk addım adlandırmışdır. Birgə layihə Baykonur kosmodromunun imkanlarından tam istifadə edilməsinə, Qazaxıstanda mütəxəssislər hazırlanmasına, yeni texnologiyaların tətbiqinə şərait yaradacaq. Bu sahədə Rusiya mərkəzi lider hesab oluna bilər. “Proton” raket daşıyıcısı, “Salyut” və “Mir” orbital stansiyaları, beynəlxalq kosmik stansiyanın elementləri məhz həmin mərkəzdə yaradılmışdır.