DÜNYA
QAZAXISTAN URAN İXRACI ÜZRƏ DÜNYA LİDERİ OLMAQ FİKRİNDƏDİR
AZƏRTAC-ın xüsusi müxbirinin Astanadan verdiyi xəbərə görə, energetika və mineral ehtiyatlar naziri Vladimir Şkolnik parlamentdəki çıxışında bildirmişdir ki, Qazaxıstan uran istehsalının həcmini ildə 12 min tona çatdırmaq və dünya bazarında lider olmaq niyyətindədir. Bu məqsədlə Zareçnoye, Mərkəzi Maykuduk yataqlarında yeni mədənlərin tikilməsi, Stennoqorsk və “Mərkəzi” mədənlərinin nəzdində affinaj sexləri yaradılması nəzərdə tutulur. Bundan əlavə, Qazaxıstan uran yataqlarında geoloji kəşfiyyat işləri də aparacaqdır.
Nazirin sözlərinə görə, bu respublika uran filizini təkcə ixrac etmək yox, həm də Kanada və Amerika atom stansiyaları üçün yanacaq istehsal etmək haqqında da düşünür. Qazaxıstanda 2003-cü ildə 3 min ton uran çıxarılmışdır. Hazırda bu filizin ehtiyatına görə, Qazaxıstan dünyada aparıcı yerlərdən birini tutur.