DÜNYA
QAZAXISTAN VƏ RUSİYA PEYK İSTEHSALI ÜZRƏ BİRGƏ MÜƏSSİSƏ YARADIR
Qazaxıstanın Baş naziri Danial Əhmədovun Rusiyanın “Energiya” kosmik–raket korporasiyasının prezidenti və baş konstruktoru Yuri Semyonovla görüşündə Qazaxıstanda peyk istehsalı üzrə birgə müəssisənin yaradılması məsələsi müzakirə edilmişdir. Yuri Semyonov birgə müəssisənin layihəsini D.Əhmədova təqdim etmişdir. Söhbət zamanı bildirilmişdir ki, bu layihənin tətbiqi Qazaxıstanda kosmik telekommunikasiya sistemi sahəsində yüksək texnologiyalar tətbiq etməyə imkan verəcəkdir.
Bu layihədə uçuşları yerdən idarə edən kompleks, informasiyanı qəbul edən və hazırlayan mərkəz, respublikanın telekommunikasiya infrastrukturunun modernləşdirilməsinə texniki yardım, o cümlədən kosmik aparatların hazırlanması, sınağı və buraxılması üzrə mütəxəssislərin öyrədilməsi nəzərdə tutulur.
D. Əhmədov qeyd etmişdir ki, Qazaxıstanın peyk rabitəsi sisteminə ehtiyacı vardır. Lakin bu böyük layihəyə başlamazdan əvvəl kadrların hazırlanması məsələsinə diqqət yetirmək və ölkənin maraqlarına uyğun olaraq, peykdən istifadə sahələrini müəyyənləşdirmək lazımdır. Baş nazir Xəzər zonasının, sərhədyanı ərazilərin, aqrar problemlərin öyrənilməsi sahəsində peykdən istifadənin, xüsusilə zəruri olduğunu demişdir.