İQTİSADİYYAT
QAZMA İŞLƏRİNİ “DƏDƏ QORQUD” APARIR
Azərbaycan Beynəlxalq Əməliyyatlar Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, Çıraq platformasında indi 20 quyu var, onlardan 14-ü neft hasilatı, 6-sı isə işlək suvurma quyusudur. 20-ci quyu istismara oktyabrın ortalarında təhvil verilib və hazırda bu quyudan gündəlik 25 min barrelədək neft hasil olunur. 2006-cı ilin ortalarında 21-ci quyunun qazılmasına başlanacaqdır. O vaxta qədər platformada qazma əməliyyatları bəzi quyularda yan lülələrin qazılması və quyulara nəzarət işlərindən ibarət olacaqdır.
Bu günlərdə “Dədə Qorqud” yarımdalma qazma qurğusu Şərqi Azəri öncə qazma proqramını uğurla tamamlamışdır. Şərqi Azəridə ümumilikdə 8 öncə qazma quyusu qazılıb, ancaq onlar müvəqqəti bağlanmışdır. Bu quyular 2007-ci ildə Şərqi Azəri platforması dənizdə quraşdırıldıqdan sonra platformaya birləşdiriləcəkdir.
“Dədə Qorqud” yarımdalma qazma qurğusu Dərinsulu Günəşli (DSG) öncə qazma proqramına başlamaq üçün tezliklə DSG sahəsinə gətiriləcəkdir.