İQTİSADİYYAT
QAZMA PROQRAMI UĞURLA DAVAM ETDİRİLİR
bp-dən AZƏRTAC-a verilən məlumata görə, “Şahdəniz” layihəsi üzrə, ümumilikdə, dörd hasilat quyusundan ibarət öncə qazma proqramı uğurla tamamlandıqdan sonra yatağın cənub-qərb hissəsində “İstiqlal” yarımdalma qazma qurğusu ilə daha bir qiymətləndirmə quyusu – SDX-04 qazılır. Hazırda quyunun dərinliyi 3900 metrə çatmışdır, onun ümumi dərinliyi isə 7000 metrdən çox olacaqdır.
Əvvəlki üç axtarış-kəşfiyyat və qiymətləndirmə quyusu (SDX-01, SDX-02, SDX-03) yatağın şimal və şərq cinahında Mərhələ 1 ehtiyatlarının qiymətləndirilməsi və müəyyənləşdirilməsi məqsədi daşıyırdı. SDX-04 quyusu isə yatağın cənub cinahındakı ehtiyatları qiymətləndirəcək və müəyyənləşdirəcək, eləcə də daha dərin laylarda qazın mövcudluğunu yoxlayacaqdır. SDX-04 quyusunun qazılması iyun-iyulda başa çatacaqdır.