ELM VƏ TƏHSİL
QEYRİ-ADİ KOSMİK HADİSƏNİ GÖRMƏK İSTƏYƏNLƏR ALMANİYAYA TOPLAŞIRLAR
AZƏRTAC-ın Berlindən aldığı xəbərdə deyilir ki, bir sıra ölkələrin astronomları, elmi tədqiqat institutlarının nümayəndələri qeyri-adi kosmik hadisənin şahidi olmaq üçün bu günlər Almaniyaya toplaşırlar. Mars planetinin kiçik çəhrayi-qırmızı diski onlarda böyük maraq doğurur.
Sual oluna bilər: bəs, onlar nə üçün məhz Almaniyaya gəlirlər? Məsələ burasındadır ki, bu günlər Mars Almaniyanın gecə səmasında ən parlaq ulduzdan belə daha gur işıq saçır. İndi yaxşı hava şəraitində Marsı adi gözlə görmək mümkündür, balaca bir binoklu olanlar isə “qırmızı planet”in mənzərəsinin bəzi detallarını müşahidə edə bilirlər.
Astronomların hesablamalarına görə, avqustun 27-də Yerlə “qırmızı planet” arasında məsafə azalıb 55,76 milyon kilometrə çatacaqdır. Kosmik qonşumuz Yer planetinə son 60 000 ildə ilk dəfə olaraq belə yaxın gəlir.
Xatırladaq ki, Marsın Yer kürəsindən maksimum uzaqlığı təxminən 400 milyon kilometrdir.
Bu nadir hadisəni bütün Almaniyada 160-dan çox elmi müəssisə müşahidə edir.