İQTİSADİYYAT
QEYRİ–ƏNƏNƏVİ ENERGETİKAYA DİQQƏT ARTIRILIR
“Azərenerji”nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elmi tədqiqat və layihə institutlarının mütəxəssisləri artıq neçə ildir elektrik enerjisi istehsalında qeyri-ənənəvi variantlardan istifadə edilməsi sahəsində fəal işləyirlər. Son illər bu istiqamətdə inkişaf prosesləri və tədqiqatların intensivləşdirilməsi yeni təkan almışdır. Əlverişli sərmayə mühiti və energetika sahəsində islahatlar yerli bazarda xarici şirkətlərlə əməkdaşlığı cazibədar edir. Məsələn, qeyri-ənənəvi energetika sahəsində davamlı əlaqələr yaratmaq mümkün olmuş, bir sıra tədqiqatlar aparılmış, yeni layihələr hazırlanmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında Fərmanının respublikada bu istiqamətin inkişafında böyük əhəmiyyəti var. Həmin sənədə uyğun olaraq, Nazirlər Kabinetinə və əlaqədar idarələrə tapşırılmışdır ki, dünya təcrübəsində tətbiq olunan alternativ enerji mənbələrindən Azərbaycanda istifadə edilməsi və onların inkişafı haqqında təkliflər hazırlayıb dövlət başçısına təqdim etsinlər.
“Azərenerji” SC-də qeyri-ənənəvi elektrik enerjisi məsələlərinə xüsusi diqqət yetirilir. Sahədə islahatlar başlandığı vaxtdan ölkənin baş milli energetika idarəsində perspektiv layihələr və inkişaf şöbəsi yaradılmışdır. Şöbədə konkret layihələr hazırlanır və xaricdəki həmkarlarla tərəfdaşlıq əlaqələri qaydaya salınır. Bununla yanaşı, bir sıra beynəlxalq təşkilatlarla və xarici şirkətlərlə Azərbaycanda külək qurğularından və günəş batareyaları bloklarından istifadə etməklə pilot layihəsinin həyata keçirilməsinin mümkünlüyü barədə fəal danışıqlar aparılır.