İQTİSADİYYAT
QEYRİ-QANUNİ YOLLA MƏHSUL İSTEHSAL EDƏNLƏR CƏRİMƏLƏNMİŞLƏR
Son vaxtlar sərinləşdirici içkilər bazarında bir sıra şəxslər tanınmış əmtəə nişanları adı altında qeyri-qanuni yolla məhsul istehsal edir, təkcə əmtəə nişanlarının həqiqi sahiblərinə deyil, istehlakçılara da maddi və mənəvi zərər vururlar. Belə hallar istehlakçıların sağlamlığı üçün də təhlükə törədir. Bu, vaxtaşırı keçirilən operativ nəzarət tədbirləri zamanı vergi xidməti orqanlarının da diqqətindən yayınmır.
Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, bu günlərdə 12 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları Gəncə şəhəri ərazisində Z.Hacıyev küçəsi, 59 nömrəli binada yerləşən, “Qurdoğlu” məhdud məsuliyyətli cəmiyyətə məxsus su istehsalı sexində kənar şəxslərin əmtəə nişanından istifadə olunmaqla, sərinləşdirici içkilər istehsal etməsi faktını aşkarlamışlar. Sexə baxış zamanı üzərində “Kola” yazılmış 12 min 800 etiket, 3500 plastik butulka və 6 ədəd hazır “Kola” məhsulu aşkar olunmuşdur. Faktla bağlı toplanmış bütün materiallar müvafiq tədbirlər görülməsi üçün Gəncə şəhəri Nizami rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə “Qurdoğlu” MMC-ni 715 min manat, onun vəzifəli şəxsini isə 192,5 min manat məbləğində cərimələmişdir.
Tanınmış əmtəə nişanları adı altında bazara saxta məhsul çıxarılması faktı 9 saylı Ərazi Vergilər İdarəsinin əhatə dairəsində olan Zərdab rayonunda da aşkara çıxarılmışdır. Vergi xidməti əməkdaşları rayonda operativ nəzarət tədbirləri həyata keçirərkən süd zavodunun köhnə binasında limonad bağlamaq üçün avadanlıq müəyyən etmişlər. Sexdə həmçinin 9 min ədədə yaxın “Qazlı su”, “Duşes”, “Fanta” və “Super portağal-ərik” etiketli hazır məhsul aşkar olunmuşdur. Zavodun gözətçisi Məhyəddin Əhmədov izahatında göstərmişdir ki, sözügedən məhsul ona məxsusdur və onları tanımadığı adamlardan nisyə almışdır. Lakin məhsulu sata bilmədiyindən geri qaytarmaq məqsədilə zavodda saxlamışdır. Faktla bağlı araşdırmalar aparılır.