ELM VƏ TƏHSİL
QHT-LƏRİN SOSİAL VƏ İQTİSADİ LAYİHƏLƏRDƏ ROLU İLƏ BAĞLI SEMİNAR KEÇİRİLMİŞDİR
Tədbirdə Milli Məclisin deputatları, ayrı-ayrı nazirliklərin, QHT və KİV-lərin nümayəndələri iştirak etmişlər.
Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova seminarın məqsəd və məramını açıqlamışdır.
Ölkəmizdə islahatların uğurla həyata keçirildiyini, vətəndaş cəmiyyətinin formalaşdığını, QHT-lərin fəaliyyətinin genişləndiyini vurğulayan R.Aslanova, dövlət orqanları ilə QHT-lərin münasibətlərinin inkişaf etdirilməsinin, mühüm layihələrin gerçəkləşməsində bu təşkilatların iştirakının vacibliyini nəzərə çarpdırmışdır.
Parlamentin komissiya sədri QHT-lərlə bağlı beynəlxalq təcrübələrdə əldə olunmuş nailiyyətlərdən bəhrələnməyin əhəmiyyətini də qeyd edərək, respublikamızda bu təşkilatların fəaliyyətinin daha da genişlənəcəyinə əminliyini söyləmişdir.
Counterpart İnternational təşkilatının Azərbaycan üzrə direktoru Mikael Kunz, QKHBM-in nümayəndəsi Anar Kazımov və başqaları seminarın əhəmiyyətindən bəhs etmişlər.
Sonra QKHBM-in region üzrə hüquqşünası Melani Lionun “Sosial layihələrin icrasında QHT-lərin rolu və məqsədi” mövzusunda məruzəsi dinlənilmişdir.
Bu və digər məruzələrdə QHT-lərin ölkə iqtisadiyyatında oynaya biləcəyi müsbət rolunu və həmin təşkilatların sosial və iqtisadi sahədə konstruktiv iştirakını genişləndirmək üçün ən yaxşı beynəlxalq təcrübələr barədə məlumatlar verilmişdir.
Çıxış edən digər natiqlər mövzu ilə bağlı fikir və mülahizələrini bildirmişlər.