CƏMİYYƏT


QHT-dövlət münasibətlərinə həsr olunmuş növbəti zona konfransı Şəmkirdə keçirilib

Bakı, 27 may, AZƏRTAC

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfranslarının təşkilini davam etdirir. Növbəti konfrans Şəmkir şəhərində keçirilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova və Əli Pənahov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri Azər Allahverənov və Nurəddin Mehdiyev, agentliyinin məsul əməkdaşları, Şəmkir, Ağstafa, Gədəbəy, Qazax və Tovuz rayonlarında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri, adıçəkilən rayonların icra hakimiyyəti başçılarının müavinləri, Vətən müharibəsi veteranları və şəhid ailələri ilə işin təşkili şöbələrinin müdirləri, icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların üzvləri iştirak ediblər.

Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil edilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva konfransı açaraq tədbirin proqramı haqqında geniş məlumat verib. Bildirib ki, qısa müddət ərzində respublikanın bütün regionlarını əhatə edəcək zona konfranslarının üçüncüsü olan bu tədbir region QHT-lərinin və ictimai şuraların birgə fəaliyyətində dönüş yaradacaq. Beş iqtisadi rayonu əhatə edəcək bu konfrans QHT-lərin fəaliyyətinə müsbət təsirini göstərəcək.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxışında qeyd edib ki, ölkəmizdə bu region üzrə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin inkişafında xüsusi rola malikdirlər. Onların fəaliyyəti QHT-dövlət münasibətləri sahəsində müsbət nümunələr formalaşdırıb. Dövlətimizin başçısının 2007-ci ildə imzaladığı Sərəncamla təsdiqlənmiş “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” ölkəmizdə QHT sektorunun inkişafında yeni mərhələnin başlanğıcı olub.

V.Quliyev bildirib ki, bu gün QHT-lər dövlət qurumları ilə əməkdaşlıq etməli, qərarların qəbulu prosesinə ictimai dəstək göstərməli və ictimai nəzarətin təşkilində təşəbbüskar olmalıdırlar.

O, konfransda iştirak edən ixtisaslaşmış təşkilatların diqqətinə məişət zorakılığı, ailə dəyərlərinin qorunması və digər istiqamətlərdə səmərəli layihələrin reallaşdırılmasının vacibliyini diqqətə çatdırıb.

Vüsal Quliyev icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların fəaliyyətindən danışaraq, bu sahədə QHT-ləri daha məsuliyyətli olmağa, qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməyə və fəaliyyətləri ilə bağlı hesabatlar hazırlayaraq ictimaiyyətə təqdim etməyə çağırıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova, Əli Pənahov və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev bildiriblər ki, zona toplantısı QHT nümayəndələri, ictimai şuraların üzvləri, habelə dövlət qurumları üçün faydalı olacaq və bu sahənin daha da təkmilləşməsinə böyük töhfə verəcək. Vurğulanıb ki, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə ardıcıl tədbirlər təşkil olunmalı, bu xüsusda sosial medianın imkanlarından istifadə edilməlidir.

Çıxışlardan sonra konfrans interaktiv müzakirələr əsasında davam edib, iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb. İctimai şuraların üzvləri mütəmadi olaraq təlimatlandırıcı seminarların keçirilməsinin vacibliyini vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.