İQTİSADİYYAT
QHT əməkdaşlarının əməkhaqqından gəlir vergisi üzrə güzəştlərlə bağlı 2 amil diqqətdə saxlanılmalıdır
Bakı, 12 iyun, AZƏRTAC
QHT-lərdə çalışan əməkdaşların əməkhaqqından gəlir vergisi üzrə güzəştlər verilərkən iki amil mütləq qaydada diqqətdə saxlanılmalıdır.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu barədə nazirliyin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov deyib.
Onun sözlərinə görə, birincisi, QHT-lərin dövlət mülkiyyətinə aid edilib-edilməməsi məsələsidir: “QHT-lər ictimai birliklər və müqavilə formasında fəaliyyət göstərə bilirlər. İstənilən hüquqi və fiziki şəxs QHT təsisçisi ola bilər. Lakin burada bir istisna mövcuddur: hüquqi şəxslər dedikdə, dövlət hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları – bələdiyyələr istisna təşkil edir. Buna baxmayaraq, dövlət hakimiyyəti orqanları tərəfindən yaradılan hər hansı dövlət müəssisəsi və ya təşkilatı QHT təsis edə bilər. Həmin qurumda dövlətin payı 51 faizdən artıq olduqda QHT-də çalışan əməkdaşlara gəlir vergisi üzrə güzəşt nəzərdə tutulmayıb. Yəni bu halda QHT-lər dövlət mülkiyyətli hesab edilir”.
N.Şirinov qeyd edib ki, digər bir amil QHT-lərin maliyyələşmə mənbələri ilə bağlıdır. Əgər QHT-lərin maliyyələşməsində dövlət büdcəsi və ya dövlətə məxsus olan digər fondlar mövcuddursa, maliyyələşmənin mənbəyi dövlət vəsaitidirsə, bu halda da həmin QHT dövlət sektoruna aid edilir və orada çalışan əməkdaşlara gəlir vergisindən güzəşt nəzərdə tutulmur.