CƏMİYYƏT
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Ulu Öndərin xatirəsi anılıb
Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 9-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndər Heydər Əliyev haqqında videoçarx nümayiş olunub.
Tədbirə açılış nitqi ilə başlayan Agentliyin icraçı direktoru Aygün Əliyeva Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb.
Sonra çıxış edən Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov bildirib ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub. Artıq Azərbaycanın dünəni və bu günü ilə yanaşı, gələcəyi, rifahlı sabahı da tam təmin edilib.
Digər çıxış edənlər Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən Ulu Öndər Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələrindən söz açıblar. Qeyd olunub ki, bütün varlığı ilə Vətənə və xalqına bağlı olan ümummilli lider Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə həsr edib.
Sonra tədbir qarşılıqlı diskussiya şəklində davam edib.