CƏMİYYƏT
QHT-lərə Dövlət Dəstəyi Şurası ötən ildəki fəaliyyəti haqqında hesabat verib VİDEO
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2015-ci ildəki fəaliyyəti ilə bağlı hesabat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə QHT təmsilçiləri ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri də iştirak ediblər.
Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, 2015-ci il həm vətəndaş cəmiyyəti, həm də Şura üçün əlamətdar olub. Ötən ilin QHT sektorunun dinamik inkişafı ilə yadda qaldığını deyən sədr Şuranın maliyyələşdirdiyi layihələrin icra vəziyyəti, hesabatlılıq, elektron xidmətlərin təkmilləşdirilməsi və digər sahələrdə müsbət tendensiyanın müşahidə edildiyini vurğulayıb. O qeyd edib ki, ötən il də Şura beynəlxalq əməkdaşlığa xüsusi diqqət göstərib.
Hesabat məruzəsi ilə çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2015-ci ildə qurumun 23 iclas keçirdiyini deyib. Bildirilib ki, 2015-ci ildə “Vətəndaş cəmiyyəti” jurnalının 12 nömrəsi işıq üzü görüb, Şuranın hər gün yenilənən www.qhtxeber.az saytına aylıq giriş təxminən 70 min təşkil edib. Qurum 2015-ci ildə müxtəlif mövzulara həsr olunan, 50-dən çox rayonun QHT-lərinin iştirak etdiyi 12 tədbir keçirib, 300 QHT-yə konsultativ xidmət göstərilib. 16 beynəlxalq təşkilatın nümayəndələri ilə görüş təşkil edilib. Ötən il Şuraya 819 layihə təklifi daxil olub. 520 QHT layihəsinin maliyyələşdirilməsinə 5,3 milyon manata yaxın vəsait sərf edilib ki, bu layihələrin icrasına da 2009 nəfər cəlb olunub. Layihələr əsasən ölkə daxilində - Bakı, Gəncə, Mingəçevir şəhərlərində, Qəbələdə, Qazaxda, Beyləqanda və digər rayonlarda keçirilib. Şuranın dəstəyi ilə 25 xarici QHT-nin icra etdiyi layihələr çərçivəsində 18 xarici ölkədə - Türkiyə, Hollandiya, Avstriya, Polşa, Çexiya, Almaniya, İtaliya, Ukrayna, Belçika, Latviya, Finlandiya, Norveç, Bolqarıstan, Rumıniya, Gürcüstan və Macarıstanda tədbirlər təşkil olunub. Ümumilikdə, ötənilki layihələr çərçivəsində 1500-dən çox təlim, seminar, 755 konfrans, “dəyirmi masa”, mətbuat konfransı keçirilib, 48 adda kitab, 22 adda broşür, 160 adda buklet, 148 adda digər maarifləndirici material hazırlanıb. Həmçinin 39 televiziya verilişi, 12 sosial çarx, 18 film çəkilib, 2 reabilitasiya mərkəzi, 18 sayt yaradılıb, 1 velosiped, 3 şahmat yarışı və 5 sərgi təşkil olunub.
Konfrans müzakirələrlə davam edib, müxtəlif QHT-lərin nümayəndələrinin təklifləri dinlənilib.
Sonda hesabat konfransında Şuranın 2015-ci ildə maliyyələşdirdiyi layihələr haqqında kitabın təqdimatı keçirilib. Həmçinin ötən il fərqlənmiş bir sıra QHT-lərin nümayəndələrinə diplomlar təqdim edilib və videoçarx nümayiş olunub.