İQTİSADİYYAT
QHT sədri: Bu gün dünya iqtisadiyyatında buğda qiymətlərinə "dəllallıq" təsirləri açıq-aşkar hiss olunur
Bakı, 16 avqust, AZƏRTAC
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dünya ərzaq indeksi keçmiş dövrlərin bütün rekordlarını üstələyib. BMT-nin nəzarəti ilə Türkiyə, Rusiya və Ukrayna razılaşması buğdanın qiymətinin aşağı enməsinə ümidlər verirdi. Belə ki, buğdanın qiyməti 11,5 faiz aşağı endi. Lakin buna baxmayaraq, buğdanın qiyməti yenə də 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 24,8 faiz yüksəkdir. Cari ilin iyul ayından başlayaraq kənd təsərrüfatında həyəcanlı siqnallar müşahidə olunmağa başladı. Belə ki, Rusiya ümumi buğda ixracatını 4,6 milyon ton, ötən illə müqayisədə isə 13 faiz azaltdı. Həmçinin bu məsələdə Rusiya tərəfindən ixrac rüsumlarının tətbiqi də öz mənfi rolunu oynamaqda davam edir. Belə ki, əgər aprel ayında hər ton üçün 100 dollar tələb olunurdusa, artıq bu məbləğ 146 dollara qədər artırılıb. Bu səbəbdəndir ki, yeni rüsumların tətbiq edilməsi və artırılması gözlənilir. Qiymətlərə təsir edən digər məsələ isə buğda ixracatçısı olan digər ölkələrdən də 0,3-0,9 faiz artırılma barədə məlumatların daxil olmasıdır. Bu gün dünya iqtisadiyyatında buğda qiymətlərinə "dəllallıq" təsirləri açıq-aşkar hiss olunur. Belə ki, bazarlarda fəaliyyətlər aparılaraq böyük ticarətçi şirkətlərin inhisarçı mövqeləri ilə qiymətlər formalaşır. Belə ki, bazarlarda Rusiya buğdasının ənənəvi alıcılarından başqa yeniləri də peyda olub. Bunlar Əlcəzair, Sudan, İordaniya və Pakistandır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli deyib.
O qeyd edib ki, Azərbaycan buğda idxalından əhəmiyyətli dərəcədə asılıdır. İdxal əsasən Rusiya və Qazaxıstanda həyata keçirilir. Rusiyanın ardınca, Qazaxıstan da buğda ixracına kvotalar tətbiq etməyə başladı. İlk kvotalar cari il aprelin 15-dən iyunun 15-nə qədər tətbiq edildi. Burada ixrac 1 milyon ton buğda və 300 min ton unun məhdudlaşdırılması ilə nəzərdə tutulub. Yeni kvotalar isə iyulun 8-dən sentyabrın 30-dək nəzərdə tutulub. Belə ki, burada da buğda ixracatı 550 min ton, un ixracatı isə 370 min ton nəzərdə tutulub.
“Beləliklə, ölkəyə buğda və unun ixracatı baha başa gəlir. Bu defisiti isə yalnız bu məhsulları başqa ölkələrdən baha qiymətə idxal etməklə ortadan qaldırmaq olar. Bu da sözsüz ki, həmin məhsulların bahalaşması ilə nəticələnəcək. Ölkənin bu vəziyyətdən çıxış yolu təcili olaraq daxili istehsalı artırmaq və ərzaqlıq buğdanın əkin sahələrini genişləndirməkdir. Bu sahəyə dövlətin və özəl sektorun böyük investisiya yatırması artıq həyati vacib strateji məsələdir. Yaxın perspektivdə isə un və çörəyin bahalaşmasının digər sahələrə təsirlərinin minimuma endirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi çox vacibdir. Əsas diqqət ilk olaraq kiçik və orta biznesin dəstəklənməsi, bazarda rəqabətliliyin artırılması, inhisarçılıq meyillərinə ciddi nəzarət və liberal bazar münasibətlərinin dəstəklənməsinə yönəlməlidir”, - deyə E.Kərimli bildirib.
O qeyd edib ki, belə olan halda, həssas təbəqələrin gəlirlərinə, təqaüd və müavinətlərinin optimallaşdırılmasına yenidən baxılması zərurəti də yaranır.