İQTİSADİYYAT


QHT sədri: Hazırda hökumət üçün əsas prioritet ölkənin un təchizatında risklərin qarşısını almaq, davamlı təminata nail olmaqdır

Bakı, 17 avqust, AZƏRTAC

Proqnozlaşdırıldığı kimi, Rusiya-Ukrayna müharibəsi, iqlim dəyişikliklərinin təsirinin artması dünyada ərzaq qiymətlərinin yüksəlməsinə səbəb olub. Rusiya-Ukrayna müharibəsi beynəlxalq daşımalar sahəsində çox ciddi problemlər yaradıb, eyni zamanda, bir çox ölkələr ərzaq məhsullarının idxalını məhdudlaşdırıblar. Bunlar, həmçinin quraqlıq və əkin sahələrinin azalmasını, ərzaq məhsullarının qiymətlərinin artmasını şərtləndirib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (UNFAO) artıq bir neçə dəfə bununla bağlı ciddi xəbərdarlıq edib. Bu ilin fevralında FAO-nun ərzaq qiymətləri indeksi yanvar ayı ilə müqayisədə 3,9 faiz artaraq orta hesabla 140,7 bənd təşkil edib. Ötən ilin fevral ayı ilə müqayisədə artım tempi 24,1 faiz təşkil edib. FAO-nun iyul üçün açıqladığı taxıl qiymətləri indeksi iyulda orta hesabla 147,3 bənd təşkil edib ki, bu da ötən ilin iyul ayı ilə müqayisədə 24,8 faiz bahadır. Ukrayna buğdasının idxalı ilə bağlı razılaşma və Şimal yarımkürəsində məhsul yığımının başa çatması buğdanın qiymətinin fevrala nisbətən cəmi 14,5 faiz ucuzlaşmasına səbəb olub. Bütün bu amillərin Azərbaycana təsiri qaçılmazdır və ölkə bazarı qiymət dəyişikliklərinə həssasdır.

Bunu AZƏRTAC-a açıqlamasında “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli söyləyib.

O bildirib ki, Azərbaycanda taxıl məhsulları istehsalı 1991-ci ildə 1346 min ton, o cümlədən buğda istehsalı 889 min ton olsa da, 2021-ci ildə taxıl məhsulları istehsalı 3363 min ton, buğda istehsalı isə 1885 min ton olub. Bu müddətdə taxıl məhsulları istehsalı 2,5 dəfə, buğda istehsalı isə 2,1 dəfə artıb. Statistikaya görə, 2021-ci ildə Azərbaycan buğda idxalının 95 faizini Rusiyadan edib. Ukrayna və Rusiya dünya üzrə buğda istehsalında 29 faizlik xüsusi çəkiyə malikdirlər. Rusiyanın ümumi buğda istehsalı 2021-ci ildə 85 milyon ton civarında olub. Rusiya illik 36 milyon tonluq taxıl ixrac edir ki, bu, dünya buğda istehsalının 14 faizi deməkdir.

Z.İbrahimli qeyd edib ki, Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 308 min 43 ton buğda idxal edilib və bunun üçün 105 milyon 270 min dollar ödənilib. Nəticədə idxal edilən buğdanın hər tonunun qiyməti 341,7 dollar olub. Ötən il yanvar-aprel aylarının nəticələrinə görə isə ölkəyə buğdanın 1 tonu orta hesabla 254,5 dollardan idxal edilib. Başqa sözlə desək, son bir ildə buğdanın 1 tonu 87 dollar (150 manat) və ya 34 faiz bahalaşıb.

“Dünyanın ərzaq və taxıl bazarında yaranmış bu cür mürəkkəb vəziyyətdə Azərbaycanda unun qiymətində artım baş verəcəyi gözləniləndir. Dünya bazarlarındakı kəskin bahalaşmanın daxili bazara təsirini azaltmaq üçün hökumət subsidiya və daxili istehsalın stimullaşdırılması tədbirləri ilə minimuma endirməyə çalışır. Lakin indiki şəraitdə dünya bazarındakı şərtləri və vəziyyəti nəzərə alsaq, unun qiymətinin artması qaçılmazdır. Azərbaycanın taxıl idxal etdiyi Rusiya təchizat sahəsində öhdəliklərini yerinə yetirir. Hökumət mümkün riskləri nəzərə alaraq müvafiq tədbirlər həyata keçirib, lakin son bir ildə buğdanın bir tonunun 30 faiz bahalaşması bir reallıqdır və ölkə bazarında unun qiymətinin qalxmasını şərtləndirəcək əsas amil kimi çıxış edir. Hökumət üçün əsas prioritet ölkənin un təchizatında risklərin qarşısını almaq, davamlı təchizata nail olmaqdır. Mümkün qiymət artımı isə artıq qlobal ərzaq bazarının təsiridir və bu ölkəmizdən də yan keçməyəcək”, - deyə İctimai Birliyin sədri diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.