SİYASƏT
QHT sədri: Prezident İlham Əliyev Ulu Öndərin apardığı islahatları zənginləşdirərək bugünkü qalib Azərbaycan Ordusunu formalaşdırdı
Bakı, 25 iyun, AZƏRTAC
104 il əvvəl - 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının tarixli qərarı ilə müsəlman Şərqində ilk demokratik cümhuriyyətin öz ordusu – “Əlahiddə Azərbaycan korpusu” yaradıldı. Lakin təəssüf ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması ilə onun ordusu da dağıldı.
2020-ci ilin Vətən müharibəsində şanlı qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünü təmin edən Silahlı Qüvvələrimizin şərəfli tarixi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və daha da güclənməsi ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin məntiqi nəticəsidir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Ulu Öndərin ordu quruculuğu istiqamətində apardığı islahatları davam etdirib daha da zənginləşdirərək bugünkü müasir və qalib Azərbaycan Ordusunu formalaşdırdı.
AZƏRTAC xəbər verir ki, bu sözləri Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) sədri Arzu Bağırova söyləyib.
QHT sədri qeyd edib ki, 1920-ci ildən sonra ölkəmizdə ordu quruculuğu istiqamətində demək olar heç bir iş aparılmayıb. Bunu nəzərə alan ümummilli lider Heydər Əliyev 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasına nail oldu. Bu, ölkəmizdə savadlı və peşəkar hərbi kadrların yetişdirilməsi istiqamətində ilk addım oldu. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra - 1991-ci il oktyabrın 9-da keçmiş Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etdi. Lakin müstəqilliyin ilk illərində ölkədə tüğyan edən hərc-mərclik ordu quruculuğu prosesinə də mənfi təsirini göstərdi. Məhz bunun nəticəsində Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan tərəfindən işğal edildi.
1993-cü ildə ulu öndər hakimiyyətə qayıtdıqdan sonra mütəşəkkil ordunun yaradılması istiqamətində mühüm addımlar atıldı. Silahlı Qüvvələrdə struktur və kadr dəyişiklikləri həyata keçirildi. Həmin dövrdən başlayaraq cəbhə bölgəsində bir sıra uğurlu əməliyyatlar həyata keçirildi.
1994-cü il mayın 12-də Ermənistanla Azərbaycan arasında atəşkəs barədə razılıq əldə olunduqdan sonra Silahlı Qüvvələrdə islahatlar daha da gücləndirildi. Bir sıra ölkələrlə hərbi-siyası əməkdaşlıq quruldu. Azərbaycanda müxtəlif qoşun növləri, o cümlədən Vətən müharibəsində Qələbənin qazanılmasına müstəsna rolu olan Xüsusi Təyinatlı Qüvvələr yaradıldı. Ulu Öndər deyirdi ki, güclü ordu üçün güclü iqtisadiyyat lazımdır. Bunun üçün də onun rəhbərliyi ilə ölkənin iqtisadiyyatının yenidən qurulması başlandı, xalqımızın rifahının yaxşılaşmasına və ölkəmizin inkişafına xidmət edən neft strategiyası uğurla həyata keçirildi, ölkəyə çox böyük miqdarda xarici investisiya cəlb edildi, köklü iqtisadi islahatlara start verildi.
Silahlı Qüvvələrin Ali Baş Komandan, Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin bu sahədə strategiyasını uğurla davam etdirməsi, məhz dövlətimizin başçısının rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə imkan yaratdı. Bu məqsədlə hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsait nəzərdə tutuldu, ölkənin müdafiə sənayesi yaradıldı, ordu ən müasir silahlarla təchiz edildi, ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi. Bütün bunların nəticəsində isə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxil oldu. Bu gün Azərbaycan hərbçiləri müxtəlif ölkələrdə təlimlər keçir, beynəlxalq sülhyaratma əməliyyatlarında iştirak edirlər.
A.Bağırova bildirib ki, Vətən müharibəsində Qələbəni şərtləndirən əsas amillər iqtisadi güc, güclü ordu, milli həmrəylik, birlik oldu və məhz Prezident İlham Əliyevin dövründə yetişən gənclərin vətənpərvərliyi oldu. Dövlətimizin başçısı bu məqamı xüsusi vurğulayaraq demişdir: “Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq”.
Vətən müharibəsinin xalqın öz ordusuna inamını, sevgisini bir daha nümayiş etdirdiyini diqqətə çatdıran İctimai Birliyin sədri deyib ki, xalqımız o günlərdə əsl həmrəylik nümayiş etdirdi, öz ordusunu sonadək dəstəklədi. Azərbaycan hərbçisi isə qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirdi, xalqımıza tarixi Zəfər bəxş etdi.
Bu gün dövlətimiz tərəfindən müharibə əlillərinə, şəhid ailələrinə və qazilərə hərtərəfli diqqət və qayğının göstərildiyini bildirən A.Bağırova qeyd edib ki, ötən dövrdə ümumilikdə 12 min 500-dən çox şəhid ailəsi və müharibə əlilinə mənzil və ya fərdi ev verilib. Həmçinin 7400 müharibə əlili avtomobillə təmin edilib.
QHT sədri sonda əminliklə vurğulayıb ki, bu günədək aparılan və Vətən müharibəsindən sonra Ordumuzda həyata keçirilən islahatlar ölkəmizin təhlükəsizliyini daha da möhkəmləndirəcək və Azərbaycanın bölgədə diktə etdiyi reallıqların həyata keçirilməsini təmin edəcək.