HEYDƏR ƏLİYEV - 100


QHT sədri: Ulu Öndər bütün ömrünü xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr edib

QHT sədri: Ulu Öndər bütün ömrünü xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr edib

Bakı, 4 fevral, AZƏRTAC

Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması tarixi hadisədir. Ümumiyyətlə, Azərbaycan xalqının böyük oğlu, dünyaşöhrətli siyasi xadim, dövlətimizin qurucusu və memarı olan Heydər Əliyevin bütün dövrlərdə xalqımızın rifahı naminə çalışan bir şəxsiyyət kimi Azərbaycan tarixində özünəməxsus yeri var.

AZƏRTAC Milli QHT Forumunun prezidenti Rauf Zeyninin görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan məqaləsini təqdim edir.

1969-cu ilin iyulunda Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi kimi Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev ilk gündən xalqına bağlı olduğunu, əhalinin rifahının yaxşılaşmasına xüsusi önəm verdiyini əyani surətdə göstərdi. Bunun nəticəsində Azərbaycan SSRİ məkanında geridə qalmış kənd təsərrüfatı diyarından inkişaf etmiş qüdrətli sənaye və aqrar potensiala malik bir respublikaya çevrildi.

Azərbaycanın aqrar ölkədən sənaye ölkəsinə çevrilməsi, neft sənayesinin yaradılması, ordu quruculuğunun təməlinin qoyulması, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, hətta 1978-ci ildə Naxçıvanda Babək rayonunun yaradılması, nəhəng sənaye müəssisələrinin tikintisi, aqrar sahədə sənaye komplekslərinin yaradılması də onun adı ilə sıx bağlıdır. Bütün bunlar həm də onu göstərir ki, böyük siyasi və dövlət xadimi Azərbaycanın nə vaxtsa müstəqil olacağını düşünən uzaqgörən siyasətçi idi. Məhz həmin illərdə Azərbaycan Respublikasının gələcəkdə müstəqil bir ölkə kimi fəaliyyət göstərməsi üçün möhkəm təməl yaradıldı.

Ulu Öndər hakimiyyətdə olduğu illərdə xalqımız qarşısındakı xidmətlərindən biri də Hüseyn Cavidin nəşinin Sibirdən ölkəmizə gətirilməsi olub.

Hətta Heydər Əliyev ailəsi ilə birgə xarici ölkələrdə səfərlərdə olarkən oradakı müəssisələrə gedir və respublikamızda onlara bənzər müəssisələrin qurulmasına çalışırdı. Ulu Öndər, sözün əsl mənasında, qurucu və yaradıcı insan idi.

Tarix yazan dahi şəxsiyyətin irsi çox zəngindir. Azərbaycan xalqının Ümummilli Lideri ana dilinin böyük qayğıkeşi və hamisi olub. Keçmiş Sovet İttifaqında Azərbaycan SSR-in Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi böyük cəsarət tələb edirdi. Ulu Öndərin sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci il Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsi daxil edildi.

Heydər Əliyevin müdrikcəsinə dediyi aşağıdakı ifadələr bu qayğının ən bariz nümunəsidir: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.

Konstitusiyanın qəbul olunması, onun ictimai və elmi müzakirəsinin keçirilməsi, bu işə alimlərin cəlb edilməsi, onların fikirlərinin dinlənilməsi, Azərbaycan tarixinin obyektiv yazılması ilə bağlı alimlərin dəyərli tövsiyələr verməsi, ziyalıları və hər bir vətəndaşı dinləməsi Ulu Öndərə obyektiv və düzgün qərar verməyə kömək etməklə yanaşı, onun ən yüksək mənəvi keyfiyyətlərindən xəbər verir.

Heydər Əliyev milli dövlətçilik ənənələrinə daim böyük önəm verirdi. Dahi rəhbər həmişə deyərdi ki, əvvəlcə müstəqil dövlətimizi qurmalıyıq. Daha sonra cəmiyyətdə demokratik dəyərləri, o cümlədən söz azadlığını, sərbəst toplaşmaq azadlığını inkişaf etdirməliyik. Milli dövlət qurmadan hər hansı dəyəri inkişaf etdirmək mümkün deyil.

Uzaqgörən siyasi xadim olan Ulu Öndər öz tarixi missiyasını da yaxşı bilirdi. Ümummilli Lider hakimiyyətə gəldiyi dövrdə milli iqtisadiyyatımızın, milli ordumuzun yaradılması üçün əsasların qoyulması, mədəni və siyasi elitanın formalaşdırılması heç də asan məsələ deyildi. Gənclərin digər respublikaların, eləcə də xarici ölkələrin qabaqcıl ali təhsil və hərbi məktəblərinə göndərilməsi də çox mühüm məsələ idi. Bu, həm də, ilk növbədə, gələcək müstəqil Azərbaycanın bütün sahələrdə kadr potensialının yaradılması demək idi. O, sanki SSRİ-nin dağılacağını əvvəldən görürdü.

Dərin zəkası, lider xarizması, milli ideallara sıx bağlılığı, nadir idarəçilik məharəti olan Heydər Əliyev bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr edib.

Bir faktı da qeyd etmək yerinə düşər ki, “Azərbaycan Atabəylər Dövləti” kitabının müəllifi akademik Ziya Bünyadov olsa da, kitabın yazılmasını tövsiyə edən məhz Ulu Öndər Heydər Əliyev olub. O dövrdə ermənilər bu kitabı tənqid hədəfinə çevirmişdilər ki, belə bir dövlət yoxdur. Heydər Əliyev isə bu kitaba görə akademikə dövlət mükafatı vermişdi. Onda ermənilər SSRİ rəhbərliyinə narazılıqlarını bildirməklə yanaşı, Heydər Əliyevi millətçilikdə günahlandırmışdılar.

Ümummilli Lider Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifələrində çalışarkən həmin dövrdə dünyanın ən mürəkkəb tuneli sayılan Baykal-Amur Magistralının (BAM) tikintisinə rəhbərlik edib. Sovet dövrünün möcüzələrindən sayılan BAM-ın tikinti prosesində ittifaqın bütün ölkələrinin vətəndaşları və millətlərinin nümayəndələri ilə yanaşı, azərbaycanlılar da fəal iştirak ediblər. Bu, həmçinin Heydər Əliyevin öz dövrünün nəinki nüfuzlu siyasi xadimi, həm də bacarıqlı təşkilatçı olduğunu əyani şəkildə göstərdi.

Heydər Əliyev həm də “böyük türkçü-turançı idi” desək yəqin ki, yanılmarıq. Ən böyük türkçülük elə Bakı-Tbilisi-Ceyhan magistral neft kəməri layihəsini reallaşdıraraq Turan xəttini birləşdirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.