CƏMİYYƏT


QHT təmsilçiləri Şuşa şəhərinə səfər ediblər

Şuşa, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçiləri işğaldan azad olunmuş Şuşa şəhərinə səfər ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan səfərdə 130-dan çox QHT təmsilçisi iştirak edib.

Ziyarətçilər əvvəlcə Cıdır düzündə olublar. Şuşa şəhəri yaxınlığında yerləşən, tarixən cıdır yarışlarının keçirildiyi və Qarabağ xanlığı dövründən yerli azərbaycanlı əhalinin Novruz bayramını qeyd etdiyi ərazi ziyarətçilərə unudulmaz hisslər yaşadıb.

Sonra tarixi Şuşa şəhərinin mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məscid - Yuxarı Gövhərağa məscidi ziyarət edilib. 1768-1769-cu illərdə inşa edilən bu məscid də işğal dövründə erməni vandalizminə məruz qalıb . Məsciddə bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir.

Nümayəndə heyəti Şuşanın mərkəzi meydanında Azərbaycan mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə, ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşicəsinə dağıdılmış digər mədəniyyət abidələrinə, inzibati və yaşayış binalarına baxıblar.

Daha sonra Şuşa şəhərinin tarixi mərkəzində yerləşən Pənahəli xanın sarayının qalıqları olan əraziyə, Azərbaycanın XVIII əsr mülki memarlığının ən maraqlı nümunələrindən biri olan Mehmandarovların malikanə kompleksinə, habelə Qazançı kilsəsində aparılan təmir-bərpa işlərinə baxış keçirilib.

Şuşa şəhərində aparılan abadlıq, quruculuq işləri nümayəndə heyətinin üzvlərində xoş təəssüratlar oyadıb.

QHT təmsilçilərini müşayiət edən Prezident Administrasiyasının məsul əməkdaşı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev səfərin əhəmiyyəti barədə məlumat verib. Qeyd edilib ki, iki gün ərzində ümumilikdə 300-ə yaxın QHT nümayəndəsinin Şuşaya səfəri planlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.