REGİONLAR


QHT təmsilçiləri Şuşada aparılan quruculuq işləri ilə tanış olublar

Şuşa, 12 sentyabr, Leyla Qurbanova, AZƏRTAC

Sentyabrın 12-də Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçiləri işğaldan azad olunan Şuşa şəhərinə səfər ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə təşkil olunan səfərdə 160-dan çox QHT təmsilçisi iştirak edib. QHT təmsilçilərini müşayiət edən Prezident Administrasiyasının məsul əməkdaşı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev səfərin əhəmiyyəti, Şuşada aparılan quruculuq işləri barədə nümayəndə heyətinə məlumat verib.

QHT təmsilçilərinin Şuşaya səfəri məşhur Cıdır düzünün ziyarəti ilə başlayıb. Daha sonra Yuxarı Gövhərağa məscidində olan nümayəndə heyəti Şuşanın mərkəzi meydanında Azərbaycanın mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacibəylinin güllələnmiş heykəllərini ziyarət ediblər. Həmçinin ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşiliklə dağıdılmış digər maddi-mədəni abidələr, inzibati və yaşayış binalarına baxış keçirib, aparılan təmir-bərpa işləri ilə yaxından tanış olublar.

QHT təmsilçisi Samirə Mustafayeva təəssüratlarını AZƏRTAC-la bölüşərkən qeyd edib ki, hər bir vətəndaş doğma Qarabağın dirçəlməsi və inkişaf etməsinə öz töhfəsini verməyə çalışmalıdır. O, Şuşaya ilk səfərin onların yaddaşında silinməz izlər buraxacağını bildirib.

Digər QHT təmsilçisi Kənan Qubadzadə Şuşa səfərinin onlarda xoş təəssüratlar oyatdığını bildirib. Şuşanın xəyallarının şəhəri olduğunu bildirən K.Qubadzadə bu səfərin onlar üçün böyük önəm daşıdığını vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının təmsilçilərinin Şuşaya səfəri sentyabrın 11-də başlayıb.

Beləliklə, iki gün ərzində 300-dək QHT təmsilçisi Şuşaya səfər edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.