DÜNYA
QİÇS-LƏ MÜBARİZƏ GÜNÜ MÜNASİBƏTİLƏ BMT BAŞ KATİBİNİN MÜRACİƏTİ YAYILMIŞDIR
Hər il dekabrın 1-də qeyd olunan ümumdünya QİÇS-lə mübarizə günü münasibətilə BMT-nin baş katibi Kofi Annanın müraciəti yayılmışdır.
Sənəddə dünyada milyonlarla insanlara, ailələrə bəlalar gətirən bu xəstəlikdən narahatlıq ifadə olunaraq bildirilir ki, ondan sağlamlığın qorunmasını yaxşılaşdırmaq, hər kəs üçün müalicə imkanı yaratmaq, əhalinin müxtəlif təbəqələrini əhatə edən profilaktika işlərini gücləndirməklə xilas olmaq mümkündür.
Birləşmiş Millətlər Təşkilatının rəhbəri xüsusi vurğulayır ki, QİÇS-ə tutulmuş bəzi adamlar qidalanmaq və yaşayış yeri kimi hüquqlardan məhrum olur, icra edə bildikləri işlərdən azad edilirlər. Bəzən elə olur ki, daim birgə yaşadıqları insanlar və hətta ailələri də onlardan üz döndərirlər.
Müraciətdə deyilir ki, ötən il BMT Baş Məclisinin xüsusi sessiyasında Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlər QİÇS-lə mübarizə işinə tərəfdar olduqları barədə Bəyannamə imzalamışlar. Sənəd BMT-nin mövqeyini dünyanın bütün insanlarına çatdırmışdır. Gəlin QİÇS-lə mübarizə günündə laqeydliyi dəstək verməklə, qorxunu ümidlə, sükutu həmrəyliklə əvəz etməyi qarşımıza vəzifə qoyaq. Bu işin hər birimizin iştirakı ilə başlandığını nəzərə alaraq fəaliyyət göstərək.