REGİONLAR
QİÇS-dən qorunma yolları ilə bağlı müzakirələr aparılıb
Astara, 4 dekabr, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun həyata keçirdiyi “Tibbi maarifləndirmə” proqramı çərçivəsində Astara şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə QİÇS-dən qorunma yolları ilə bağlı müzakirələr aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Bilik Fondunun məsləhətçisi Abbas Əliyev təmsil etdiyi qurumun əhalinin tibbi maarifləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində gördüyü işlərdən danışıb.
Astara Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi Elnur Rəsulov, şəhər bələdiyyəsinin sədri Aygül Məmmədova çıxışlarında gənclərdə sağlam həyat tərzinin formalaşdırılmasında maarifləndirmənin rolunu vurğulayaraq, əhali arasında aparılan təbliğat və təşviqat işlərinin mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
Tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-mütəxəssisi Lətafət Dadaşovanın mövzu ilə bağlı məruzəsi dinlənilib.
QİÇS ilə bağlı ölkəmizdə mövcud vəziyyəti, gənclər arasında bu xəstəliyin yayılma təhlükəsi, virusdan qorunmanın əsas yollarını diqqətə çatdıran L.Dadaşova qeyd edib ki, bu xəstəliyə yoluxmuş insanlar immunitetin kəskin zəifləməsi nəticəsində bir çox xəstəliklərə asanlıqla tutulur və nəticədə ölüm riski artır.
Qeyd olunub ki, QİÇS-lə mübarizə istiqamətində beynəlxalq təcrübədən istifadə edən Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir. Bu xəstəlik əsasən yüksək riskli qrupa aid olan narkotik vasitələrinin istifadəçiləri arasında yayılıb.
Azərbaycanda “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AIDS) yayılmasının qarşısının alınması haqqında” qanunların qəbul edildiyini vurğulayan məruzəçi bu infeksiyanın diaqnostika və müalicəsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb.
Qarşılıqlı fikir mübadiləsi şəraitində davam edən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara QİCS-in profilaktikası ilə bağlı hazırlanmış buklet və broşürlər paylanılıb.