İDMAN
QILINCOYNADANLARIMIZ BEYNƏLXALQ YARIŞLARDA İŞTİRAK EDƏCƏKLƏR
Mayın 21-də Fransanın Orlean şəhərində qılıncoynatma üzrə Avropa kubokunun klub yarışları keçiriləcək, habelə Dünya kubokunun növbəti şəxsi mərhələsi, iki gün sonra isə bu turnirin komanda yarışları başlayacaqdır.
Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ölkəmiz bu yarışlarda ikiqat dünya çempionu və Dünya kubokunun sahibi Yelena Jemayeva, habelə Janna Muradqızı, Yelena Əmirova və Tatyana Dyaçenkodan ibarət komanda ilə təmsil olunacaqdır. Qılıncoynadan qızlarımız Avropa kubokunun klub yarışlarında “Neftçi” idman-sağlamlıq mərkəzinin bayrağı altında çıxış edəcəklər.
Dünya kubokunun şəxsi mərhələ yarışlarında Afina Olimpiadasına vəsiqə qazanmış Yelena Jemayeva daha çox ümid doğurur. O, ötən il Fransada şəxsi mərhələ yarışlarının finalına çıxaraq, ev sahibinə uduzmuşdu. Komanda yarışlarında isə qızlarımız yeddinci yerə çıxmışdılar.