DÜNYA
QIRĞIZISTANDA DİNİ TƏŞKİLATLARIN FƏALİYYƏTİNƏ NƏZARƏT EDƏCƏK EKSPERT ŞURASI YARADILIR
AZƏRTAC-ın Bişkekdən aldığı xəbərdə deyilir ki, Qırğızıstan hökumətinin qərarı ilə yaxın vaxtlarda Ekspert Şurası yaradılacaqdır. O, ölkə ərazisində fəaliyyət göstərən müxtəlif dini təşkilatların hərəkətlərinə nəzarət edəcəkdir.
Qırğızıstan hökumətinin başçısı Nikolay Tanayev bildirmişdir ki, bu qərarın qəbul olunmasından məqsəd ekstremizm ideyalarını yayan bəzi dini qrupların fəaliyyətinə nəzarəti gücləndirməkdir. Baş nazir hesab edir ki, ekstremizm təzahürləri ilə mübarizə aparmalı olan hüquq mühafizə orqanlarının nümayəndələri bu cür dini qrupların hərəkətlərini dəqiq müəyyənləşdirmək təcrübəsinə malik deyildirlər. Odur ki, yeni qurum dini icmaların fəaliyyətinin dövlət tərəfindən ekspertizasının aparılması ilə məşğul olacaqdır.
Qırğızıstan hökuməti yanında dövlət dini işlər komissiyasının məlumatına görə, hazırda ölkədə təxminən 1,5 min məscid, 100-dən çox kilsə var, 20 dini missiyanın nümayəndələri daim fəaliyyət göstərirlər.